MDB-yə üzv olan AAQ-ların Rəhbərlər Şurası

MDB-yə üzv olan Ali Audit Qurumların Rəhbərlər Şurası 2000-ci ilin noyabr ayında Rusiya Federasiya Hesablama Palatasının təşəbbüsü ilə Moskva şəhərində keçirilmiş görüşdə yaradılmışdır. Sözügedən regional əməkdaşlıq müvafiq ölkə Ali Audit Qurumlarının (AAQ) rəhbərlərini bir araya gətirən illik toplantılar – sessiyalar zamanı qəbul edilmiş qərarlar ilə idarə olunur. Şura daxilində əməkdaşlığın prioritet istiqamətləri sırasında regionda dövlət maliyyə nəzarətinə aid mühüm nəzəri və praktik məsələlərin işlənilməsi, fikir, təcrübə və məlumat mübadiləsi, birgə və paralel (ikitərəfli və çoxtərəfli) analitik ekspert tədbirlərinin keçirilməsi, kadrların peşəkar təlimi və səriştənin artırılması durur.

 

Nizamnaməyə əsasən Şuranın Katibliyi funksiyasını Rusiya Federasiyası Hesablama Palatası yerinə yetirir. Sessiyalar arasındakı bir illik müddət ərzində Şuranın Sədrliyini isə sonuncu toplantıya ev sahibliyi etmiş AAQ həyata keçirir. Şuranın fəaliyyəti illik planlar əsasında və iki məqsəd qrupu çərçivəsində aparılır: Əsas milli göstəricilər üzrə ekspert qrupu və Dövlət maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə işçi qrup. Azərbaycan Respublikası Hesablama Palatası qeyd olunan işçi qruplarda  təmsil olunur və onların fəaliyyətində fəal iştirak edir.

 

5-6 sentyabr 2017-ci il tarixlərində MDB üzvü olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyası Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Bakı şəhərində təşkil edilmişdir. “Fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsi üçün göstəricilər sisteminin əhəmiyyəti” sessiyanın əsas mövzusu olmuşdur. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Qırğızıstan və Tacikistan AAQ-larının nümayəndələri və MDB-nin İcraiyyə Komitəsinin təmsilçisi iştirak etmişlər.

 

Yekun olaraq, MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII və XVIII sessiyaları arası dövr üçün İş planının və cari Sessiyaya dair Qətnamənin təsdiq edilməsi ilə bağlı Qərar qəbul edilmişdir. Təsdiq edilmiş yeni İş planına əsasən Azərbaycan Respublikası Hesablama Palatası 2018-ci il ərzində MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının Sədri kimi iki beynəlxalq seminara ev sahibliyi edəcəkdir.

 

MDB-yə üzv olan dövlətlərin  Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərləri Şurasının XVII sessiyasının yekun sənədləri (sənədlərin əsli rus dilindədir):

 Qətnamə

 İş Planı

 Qərar