POTENSİALIN ARTIRILMASI LAYİHƏSİ

“Korporativ və Dövlət Sektorunda Hesabatlılıq layihəsi” (CAPSAP) üzrə Dünya Bankı ilə kredit sazişi 2008-ci ilin sentyabr ayında imzalanmışdır. Saziş əsasında maliyyələşdilmiş bu layihə çərçivəsində Hesablama Palatasının fəaliyyətinə aid “Ölkədə kənar audit funksiyasının gücləndirilməsi” və ya “Hesablama Palatasının potensialının artırılması” sub-komponenti həyata keçirilmişdir. Bu sub-komponentin məqsədləri üçün Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası arasında 2011-ci ilin noyabr ayında imzalanmış saziş üzrə  İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatından (SECO) 2,0 milyon ABŞ dolları məbləğində ayrıca qrant ayrılmışdır.

Ilkin mərhələdə qrant vəsaiti hesabına beynəlxalq fərdi məsləhətçi cəlb edilərək bir sıra təhlil səciyyəli sənədlər ilə yanaşı 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planı (SİP) hazırlanmışdır.

 

Layihənin sonrakı mərhələsi olaraq 2012-2014-cü illər üçün Strateji İnkişaf Planının həyata keçirilməsinə dəstək göstərmək məqsədilə 4 istiqamət üzrə məsləhətçi xidmətləri cəlb edilmişdir. Bu 4 prioriteli istiqamət aşağıdakı komponentlərə ad vermişdir:

 

  • Səmərəlilik auditinin tətbiqi;
  • Maliyyə auditinin təkmilləşdirilməsi;
  • Qanunvericilik və standartlar bazasının gücləndirilməsi;
  • İnsan Resursları və təlimin təkmilləşdirilməsi.

 

Qeyd olunan hər bir  istiqamət üzrə səmərəlilik auditi qaydaları, səmərəlilik auditində tətbiq olunan metodlara dair təlimat, 2015-2016-cı illər üzrə səmərəlilik auditi strategiyası, səmərəlilik auditi üzrə 2 sınaq auditinə dair hesabatlar, maliyyə auditi üzrə təlimat kitabı, 2015-2017-ci illər üzrə maliyyə auditi strategiyası, 2015-2017-ci illər üzrə IT strategiyası, Kompüter Əsaslı Audit Texnikası (KƏAT) tətbiqi üzrə xərc-fayda təhlilinə dair hesabat, eyni zamanda Lima və Mexiko Bəyannamələrinin tələblərinə cavab verən Hesablama Palatası haqqında yeni Qanun layihəsi, ISSAI-lar çərçivəsinə aid 49 standartın Azərbaycan dilinə tərcüməsi təmin edilmişdir.

 

2014-cü ilin dekabr ayının 17-də Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin Sədrinin, Milli Məclisin Aparatının rəhbərinin, Azərbaycan Respublikası Hesablama Palatası rəhbərliyinin və əməkdaşlarının, beynəlxalq məsləhətçi şirkətlərin, Türkiyə Cümhuriyyəti Sayıştayının, Dünya Bankının  və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə yekun nəticələrə dair  görüş keçirmişdir.