TVİNNİNQ LAYİHƏSİ

Hesablama Palatası Avropa İttifaqının Şərqi Qonşuluq Siyasəti çərçivəsində yaradılmış tvininq alətindən faydalanmaq məqsədilə layihə sinopsisi ilə Aİ-yə müraciət etmiş və müsabiqədən keçmiş təşkilatlardan olmuşdur. Növbəti addım olaraq benefisiar ölkənin məqsədlərinin, gözlənilən layihənin təsvirinin, tərəfdaş ölkənin görəcəyi işlərin əks olunduğu digər bir sənəd -  tvininq fişi hazırlanmışdır və təsdiqlənmişdir. Daha sonra Aİ üzv ölkələrin AAQ-nın bu layihədə iştirak etməsi məqsədilə Təkliflər üçün çağırış elan edilmiş və iki AAQ - Polşa Respublikasının Milli Audit Ofisi və Bolqarıstan Respublikasının Hesablama Palatası öz təkliflərində bu layihədə iştirakı ilə bağlı niyyətini rəsmi şəkildə ifadə etmişlər.

2017-ci ilin yanvar ayında keçirilən seçmə toplantısında öz təkliflərini təqdimatla nümayiş etdirən Polşa AAQ-ı bu layihədə əsas tərəfdaş qurum olaraq seçilmişdir. Daha sonra Polşa AAQ-ı tərəfindən müvafiq Tvinninq müqaviləsi hazırlanaraq Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə imzalanmışdır. 27 ay davam edəcək layihənin cari ilin oktyabr ayından fəaliyyətə başlamışdır.

 

Tvinninq layihəsi ilə əldə olunacaq əsas nəticələr aşağıdakılardır:

1-ci Nəticə: Kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə istifadə edə bilməsi üçün HP-nin insan resurslarının idarə edilməsi və funksional potensialının yüksəlməsi

2-ci Nəticə: HP-nin Azərbaycanın normativ hüquqi aktlarına və İSSAİ standartlarına uyğun olaraq maliyyə və uyğunluq auditləri həyata keçirmək və müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi

3-cü Nəticə: HP-nin Azərbaycanın daxili normativ hüquqi aktlarına və İSSAİ standartlarına uyğun olaraq səmərəlilik auditləri həyata keçirmək və müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi

4-cü Nəticə: HP-nin özünün funksiya və fəaliyyəti ilə əlaqədar Milli Məclis, audit aparılan təşkilatlar və KİV-lər kimi daha dolğun məlumata malik maraqlı tərəflər ilə effektiv ünsiyyət qurması