TVİNNİNQ LAYİHƏSİ

Azərbaycan Respublikası Hesablama Palatası Avropa İttifaqına üzv ölkələrin Ali Audit Qurumları ilə əməkdaşlığına böyük önəm verir. Bu baxımdan Hesablama Palatası Avropa İttifaqı ilə institusional əməkdaşlığın yeni formatı olan Tvinninq alətindən yararlanmağa qərar vermişdir. Tvinninq alətinin məqsədi benefisiar ölkənin qurumlarını təlimlər, struktur dəyişikliyi vasitəsilə modernləşdirmək, Aİ qanunvericiliyi əsasında qanun və qaydalar hazırlamaqdır.

 

İlkin mərhələ kimi, Hesablama Palatası tərəfindən, müvafiq tələblərə uyğun olaraq, Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan üzrə fəaliyyət proqramı çərçivəsində  “Hesablama Palatasının fəaliyyətində ISSAI standartlarının tətbiqinə dəstək” adlı tvinninq layihəsinin icmalını-sinopsisi hazırlanmışdır. Sinopsisdə Palata haqqında ümumi məlumat, Palatanın bundan əvvəl icra etdiyi layihələr, tvinninq layihəsinin məqsədi və gözlənilən nəticələr haqqında məlumat əks olunmuşdur. Layihə sinopsisinin hazırlanmasında Avropa İttifaqı və Azərbaycan arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bəndlərinə istinad edilmişdir. Palata tərəfindən təqdim edilmiş layihə sinopsisinə əsasən Avropa İttifaqına üzv dövlətin Ali Audit Qurumunun Ali Audit  Qurumlarının Beynəlxalq Standartlarının (ISSAI) tətbiqi ilə bağlı qabaqcıl təcrübələrinə yiyələnmək və Hesablama Palatasının peşəkar fəaliyyətinin təşkilində ISSAI-ların tətbiqinin davamlılığını təmin etmək məqsəd kimi qarşıya qoyulmuşdur. Sinopsisə əsasən layihənin sonunda ISSAI-ların tətbiqi sahəsində Tərəfdaş AAQ-ın təcrübəsi ilə tanışlıq, Hesablama Palatasının fəaliyyətinin iCATs vasitəsilə dəyərləndirilməsi, bu dəyərləndirmələrin nəticələrinə əsasən tövsiyələrin hazırlanması və maraqlı tərəflər arasında məlumatlandırma işlərinin aparılması, Palatanın peşəkar fəaliyyətinin təşkilində ISSAI-ların tətbiqinin davamlılığını təmin edəcək Tədbirlər Planının hazırlanması gözlənilir. Tvinninq sinopsisi Azərbaycan üzrə Proqram İdarəetmə Qurumunda və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində baxılaraq məqbul hesab edilmişdir.

 

Növbəti addım olaraq benefisiar ölkənin məqsədlərinin, layihənin təsvirinin, tərəfdaş ölkənin görəcəyi işlərin əks olunduğu digər bir sənəd -  tvininq fişi hazırlanmışdır və bu sənədin tərtib edilməsində beynəlxalq ekspertlər iştirak etmişlər. Hal-hazırda tvinninq fişi təsdiqlənmə mərhələsindədir.