Milli Məclisə

Büdcə vəsaitlərinin icrası prosesinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən müxtəlif fəaliyyət və tədbirlər üzrə təkliflər

 

Satınalmalarla bağlı:

 

Dövlət satınalmaları dövlətə öz funksiyalarını yerinə yetirməklə yanaşı, dövlət vəsaitlərindən səmərəli və qənaətli istifadə etmək, habelə sağlam rəqabətli iqtisadi mühitin yaradılması kimi mühüm iqtisadi münasibətlərə təsir etmək və milli iqtisadiyyatın inkişafına münasib şəraitin yaratmaq imkanı verən makroiqtisadi vasitədir. Məlum olduğu kimi, hər il dövlət büdcəsi xərclərinin istifadəsinin mütləq əksəriyyəti məhz dövlət satınalmaları prosedurları həyata keçirilməklə icra edilir. Hər il dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsaitin ayrılması təmin edilir ki, bu da yuxarıda qeyd edilmiş hədəflərə nail olunması məqsədini güdür. Bir faktı qeyd etmək kifayətdir ki, 2013-2014-cü ilin dövlət büdcəsinin xərclərinin təqribən 38-40%-i dövlət satınalmaları vasitəsilə icra edilmişdir. Tikinti sahəsində isə xərclərin 60%-dən çoxu satınalmaların predmetidir.

 

Satınalmaların həyata keçirilməsi zamanı tətbiq edilən müsabiqə prosedurları, bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır. Dövlət və özəl sektorlarda malların, işlərin və xidmətlərin alınmasının rəqabət mühitin yaradılması vasitəsilə həyata keçirilməsi müəyyən mənada gəlirlərin yenidən paylanması mexanizminin tətbiq vasitəsidir.

 

İqtisadi xarakteri, həmçinin vəsaitlərin qənaətli istifadəsi istiqamətində effektiv vasitə olması nəzərə alınaraq dövlət satınalmalarının şəffaf və qanunauyğun şəkildə tətbiq edilməsinin əhəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda satınalmalara xüsusi diqqətin yönəldilməsi ilə öz təsdiqi tapmışdır. Belə ki, Fəaliyyət Planının 14-cü maddəsində dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə elеktrоn dövlət sаtınаlmаlаrının tətbiq edilməsi; dövlət satınalma müqavilələrinin icrasına, o cümlədən həmin müqavilələr üzrə ödənişlərə nəzarətin təkmilləşdirilməsi; dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pоzuntulаrınа yоl vеrmiş hüquqi və fiziki şəхslərin gələcəkdə dövlət sаtınаlmаlаrındа iştirаkını məhdudlаşdırаn mехаnizmin yaradılması; dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərə təхirə sаlınmаdаn bахılmаsı üçün müvafiq tədbirlər görülməsi;  dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması; dövlət satınalmalarının həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyasının hazırlanması; satınalan təşkilatlar tərəfindən növbəti il üçün satınalma planlarının hazırlanaraq Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi;  dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid reyestrinin yaradılması və həmin reyestrin Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi məsələləri müəyyən edilmişdir.

 

Müvafiq qanunvericiliklə müəyyən edilmiş kənar maliyyə nəzarəti funksiyalarını yerinə yetirən Hesablama Palatası iqtisadi əhəmiyyətini nəzərə alaraq dövlət satınalmaları ilə bağlı məsələləri həmişə diqqətdə saxlamışdır. Həyata keçirilmiş nəzarət tədbirləri bu istiqamətdə bir sıra problemlərin mövcud olduğunu göstərir. Həmin problemlər müsabiqələrə hazırlıq mərhələsində, keçirilməsi zamanı və müsabiqələrin nəticələrinin rəsmiləşdirilməsi, o cümlədən müqavilələrin  tərtibi prosesində rast gəlinməkdədir.   

 

Bir faktı qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-2014-cü illər üzrə fəaliyyəti haqqında hesabatlarda dövlət müəssisə və təşkilatlar tərəfindən müsabiqə yolu ilə həyata keçirilmiş satınalmaların sayı müvafiq olaraq 12412 və 9549 kimi göstərilmişdir. Eyni zamanda, satınalma predmetinin ehtimal olunan qiymətinin qənaət edilmiş hissəsi müvafiq olaraq 5,56% və 4,36% təşkil etmişdir. Göründüyü kimi, 2013-2014-cü illərdə rəqabətin təmin edildiyi müsabiqələrin sayı 23,1% azalmışdır. Ümumi məbləğdə qənaətin xüsusi çəkisinin azalması 1,2 faiz bəndi, qənaət olunan cəmi məbləğin azalması isə 61,5% (2013-2014-cü illərdə müvafiq olaraq 121,0 mln manat və 59,5 mln. manat) təşkil etmişdir.

 

Büdcə vəsaitlərinin icrası prosesinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən müxtəlif fəaliyyət və tədbirlər üzrə təkliflər (TAM MƏTN)