ÜMUMİ MƏLUMAT

 

Beynəlxalq münasibətlər - Ümumi məlumat

 

Azərbaycan Respublikası Hesablama Palatası öz xarici həmkarları ilə işgüzar əlaqələrini ikitərəfli və çoxtərəfli səviyyələrdə fəal şəkildə inkişaf etdirir. Bununla əlaqədar Hesablama Palatası xarici ölkələrin Ali Audit Qurumları ilə ikitərəfli əməkdaşlığa dair saziş və memorandumlar bağlamış, həmçinin INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) və onun müvafiq regional işçi qruplarının üzvlüyünə daxil olmuşdur. Əlavə olaraq Palata ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının Birliyi) və Azərbaycan Respublikası Hesablama Palatası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ali maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının üzvüdür.

 

 

Çoxtərəfli əməkdaşlıq

 

INTOSAI

 

 

INTOSAI 1953-cü ildə yaradılmışdır və hal-hazırda 192 tam hüquqlu üzvə və 5 assosiativ üzvə malikdir. INTOSAI  avtonom, müstəqil və qeyri-siyasi təşkilat olmaqla dövlət auditi sahəsində beynəlxalq bilik və təcrübə mübadiləsini təşviq edir.

 

Hesablama Palatası 2002-ci ilin aprel ayından INTOSAI-ın üzvüdür və Palata INTOSAI-ın aşağıda qeyd edilmiş komitə, alt-komitə və işçi qruplarında təmsil olunur.

 

Peşəkar standartlar (Məqsəd 1)

 

  • Peşəkar Standartlar Komitəsi (PSC)
  • Uyğunluq Auditi üzrə Alt-komitə

 

Bilik Mübadiləsi (Məqsəd 3)

 

  • Ətraf Mühitin Auditi üzrə İşçi Qrup
  • Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrup
  • Dövlət Borcu üzrə İşçi Qrup

 

 

IDI  

 

 

INTOSAI İnkişaf Təşəbbüsü (IDI) INTOSAI-a üzv olan AAQ-ların audit potensialının gücləndirilməsini dəstəkləyir (INTOSAI-ın 2011-2016-cı illər üzrə Strateji Planının 2-ci Məqsədi) (PDF-1.1 MB). IDI 1986-cı ildə Sidney şəhərində keçirilmiş Konqresdə təsis edilmişdir. IDI-ın təlim fəaliyyətlərinə uzun müddətli regional təlim proqramları, tərəfdaşlıq proqramları, o cümlədən dövlət auditinin əsas sahələri üzrə IDI təlim seminarları daxildir.

 

 

3i Proqramı

 

2010-cu ildə Cənubi Afrikada keçirilən INTOSAI-ın 20-ci Konqresi maliyyə auditi, səmərəlilik auditi və uyğunluq auditinin əsas prinsiplərini əhatə edən Ali Audit Qurumların Beynəlxalq Standartlarının tam dəstini qəbul etmişdir. ISSAI-ların qəbulu qlobal səviyyədə dövlət sektorunda auditin gücləndirilməsi üçün önəmlidir. INTOSAI təşkilatı üzv AAQ-ı ISSAI bazasını dövlət sektorunda auditin keçirilməsində bir baza olaraq istifadə etməyi və bu standartları AAQ-ların səlahiyyət və milli qanunvericiliklərinə uyğun olaraq tətbiq etməyə çağırır.

 

INTOSAI-ın İdarə heyəti 2011-ci ilin oktyabr ayında INTOSAI Strateji Planını və  ISSAI Tətbiq Modelini təsdiq etmiş və IDI-ı ISSAI-ların tətbiqinə dəstək üçün səlahiyyətləndirmişdir. Bununla əlaqədar, IDI, ISSAI-ların Tətbiq Təşəbbüsü (3i Proqramı) adlanan və potensialın inkişaf etdirilməsi məqsədini güdən proqram yaratmışdır. Bu proqramın birinci mərhələsi 2012-2014-cü illəri əhatə etmişdir.

 

iCATS- ISSAI-lara Uyğunluğun Qiymətləndirilməsi Alətləri

 

3i Proqramının ilkin mərhələsinin nəticəsi olaraq Maliyyə, Səmərəlilik və Uyğunluq auditləri üzrə iCATS və ISSAI-ların tətbiq strategiyalarına dəstək məqsədilə ISSAI-ların Tətbiqi üzrə Təlimatlar hazırlanmışdır.  

 

iCATs aləti AAQ-lara mövcud audit bacarıqlarını ISSAI tələblərinə müvafiq olaraq qurmağa və bununla da ISSAI-ların tətbiqi üzrə öz ehtiyaclarını müəyyənləşdirməyə yardımçı olur.

 

PMF – fəaliyyətin dəyərləndirilməsi çərçivəsi

 

Beynəlxalq Standartlar AAQ-ları öz fəaliyyətləri ilə bağlı hesabatların ictimaiyyətə açıqlanmasına və həmçinin öz fəaliyyətlərini dəyərləndirməyə çağırır. Bu səbəbdən, son illərdə ISSAI-ların tam dəstinin qəbulu aspektindən fəaliyyətin dəyərləndirilməsi məsələsinə maraq artırmışdır.  Bu məqsədlə INTOSAI-ın AAQ-ların Fayda və Dəyərləri üzrə İşçi Qrupu daxilində PMF – fəaliyyətin dəyərləndirilməsi çərçivəsi hazırlanmışdır. PMF hər bir AAQ-ın strateji inkişaf planını və inkişaf dövrlərini nəzərə alaraq özünü dəyərləndirmə, ekspert dəyərləndirməsi, kənar dəyərləndirmə və səmərəlilik auditinin dəyərləndirilməsi formalarında həyata keçirilir.

 

 

 

EUROSAI

 

EUROSAI  təşkilatı 1990-cı ildə yaradılmışdır və Avropanın 49 ölkəsinin  Ali Audit Qurumları və Avropa Auditorlar Məhkəməsi onun üzvüdür.

EUROSAI təşkilatının əsas məqsədləri üzv AAQ-lar arasında peşəkar və texniki əməkdaşlığı inkişaf etdirmək və dövlət sektorunun auditinin inkişafını təşviq etməkdir.

Hesablama Palatası 2002-ci ilin may ayından – EUROSAI –ın üzvüdür və aşağıdakı Məqsəd qrupları və işçi qruplarında təmsil olunur:

  • Peşəkar standartlar – (Məqsəd 2);
  • Ətraf Mühitin Auditi üzrə İşçi Qrup;
  • Fəlakət və Qəzalara ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrup.

 

 

 

ASOSAI

 

ASOSAI təşkilatı INTOSAI-ın Regional İşçi Qrupu kimi 1979-cu ildə yaradılmışdır və 45 üzvə malikdir.

ASOSAI təşkilatının əsas məqsədi dövlət sektorunda çalışan auditorlar üçün təlim və davamlı təhsil imkanlarını təmin etmək, o cümlədən auditin keyfiyyətinin və səmərəliliyinin təkmilləşdirilməsi məqsədilə üzv AAQ-lar arasında əməkdaşlığı inkişaf etdirməklə məlumat mərkəzi kimi çıxış etməkdir.

Hesablama Palatası 2002-ci ilin iyun ayından ASOSAI-ın üzvüdür və Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunda təmsil olunur.

 

 

 

ECOSAI

 

ECOSAI təşkilatı 1994-cü ildə yaradılmışdır. Bu təşkilatın əsas məqsədi bilik və təcrübə mübadiləsi, habelə seminar, konfrans, praktik məşğələlər və təlim kursların keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.

Hesablama Palatası  2002-ci ilin sentyabrından – ECOSAI-ın üzvüdür və aşağıdakı komitələrdə təmsil olunur:

  • Təlim Komitəsi;
  • Audit Komitəsi.

 

 

MDB-yə üzv olan AAQ-ların Rəhbərlər Şurası

 

Hesablama Palatası  MDB-yə üzv olan AAQ-ların Rəhbərlər Şurasının üzvüdür. Şura 2000-ci ilin noyabr ayında yaradılmışdır. Azərbaycan Respublikası Hesablama Palatası MDB-yə üzv olan AAQ-ların Rəhbərlər Şurasının aşağıdakı ekspert və işçi qruplarında təmsil olunur:

  • Əsas Milli Göstəricilər üzrə Ekspert Qrupu
  • Standartların hazırlanması üzrə İşçi Qrup

 

 

 

İkitərəfli əməkdaşlıq

 

Xarici ölkələrin AAQ-ları ilə ikitərəfli əsasda münasibətlərin qurulması Hesablama Palatası üçün xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlər həmin ölkələrin AAQ-ları ilə imzalanmış iki tərəfli əməkdaşlığa dair müqavilə və sənədlərlə tənzimlənir. Hesablama Palatası digər AAQ-larla əməkdaşlığını birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi ilə fəal şəkildə davam etdirir.

  
Aşağıdakı ölkələrin AAQ-ları ilə əməkdaşlıq haqqında Saziş və Memorandumlar imzalanmışdır:

Rusiya Federasiyası Hesablama Palatası - 2002-ci ildə iki qurum arasında əməkdaşlıq haqqında sazişin imzalanmışdır, lakin bu dövr ərzində Azərbaycan Respublikası və Rusiya Federasiyasının sosial-iqtisadi sahədə dinamik surətdə inkişaf etdiyi, iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyi nəzərə alınaraq Saziş yenilənmişdir. Beləliklə, 24 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova ilə görüşü zamanı hər iki Ali Audit Qurumu arasında qarşılıqlı əlaqələr müzakirə edilmiş və hər iki qurumun rəhbəri tərəfindən Saziş imzalanmışdır. 

 

  • Gürcüstan Respublikası Nəzarət Palatası (2003),
  • İran İslam Respublikası Ali Audit Məhkəməsi (2005),
  • Pakistan İslam Respublikası Baş Auditor Ofisi (2005),
  • Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığı (2005), 
  • Küveyt Dövləti Auditor Bürosu (2006), 
  • Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi (2006), 
  • Ukraynanın Hesablama Palatası (2006);
  • Belarus Respublikası Dövlət Nəzarət Komitəsi (2010);
  • Moldova Hesablama Palatası ilə (2014).

 

Sənədlərdə, əsasən, birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi, keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin artırılması, müvafiq informasiya-arayış materiallarının mübadiləsi, peşəkar təlim, kadrların ixtisasının artırılması və s. məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.