AUDİT STANDARTLARI

Maliyyə resurslarının düzgün idarəedilməsi, səmərəli istifadəsi, vəsaitlər üzərində inzibati fəaliyyətin düzgün təşkili dövlət idarəetməsinin əsas mövzusunu, iqtisadi və sosial sabitliyin mühüm amilini təşkil edir. Təbii ki, belə olan təqdirdə dövlət vəsaitlərinin vaxtında və tam həcmdə daxil olmasına və bu vəsaitlərdən məqsədyönlü, qənaətlə və səmərəli istifadə edilməsinə nəzarətin təşkili və həyata keçirilməsi çox mühüm əhəmiyyətə malik bir faktordur.

 

Maliyyə nəzarəti maliyyə fondlarının formalaşması və istifadəsi prosesində qanunvericiliyə əməl edilməsinə nəzarəti, maliyyə-təsərrüfat əməliyyatlarının iqtisadi səmərəliliyini və çəkilən xərclərin məqsədəuyğunluğunun qiymətləndirilməsini özündə birləşdirir.

 

Maliyyə nəzarətinin məqsədi maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi, dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinin, dövlət gəlirlərinin toplanılmasının, dövlətin maliyyə vəsaitlərinin və əmlakının istifadəsinin və idarə olunmasının qanuniliyinin, səmərəliliyinin, nəticəliliyinin, qənaətliliyinin qiymətləndirilməsi, kənarlaşmaları aşkar edərək fərdi hallarda təshihedici tədbirlərin həyata keçirilməsi, eləcə də dövlət vəsaitlərindən düzgün və səmərəli istifadə edilməsi, etibarlı maliyyə idarəetməsinin inkişafı məqsədilə təklif və tövsiyələrin verilməsi, maliyyə idarəetməsində effektiv nəzarətin təşkili və maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsidir.

 

Demokratik və hüquqi dövlətin mühüm bir parçası olan bu fəaliyyətin icrasında Ali Audit Qurumları mühüm rol oynamaqla, bu fəaliyyətdə vəzifələrini ən effektiv şəkildə yerinə yetirə bilmək və hesabatlılığı təmin edə bilmək üçün Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI-lar) qəbul edilmişdir.

 

Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) çərçivəsi dörd səviyyədən ibarətdir:

 

1. Təməl prinsiplər

2. AAQ-ların fəaliyyət göstərməsi üçün ilkin şərtlər

3. Auditin fundamental prinsipləri

4. Audit təlimatları.

 

Bütün ISSAI-lar effektiv Ali Audit Qurumlarının yaradılmasını zəruriləşdirən və audit normaları üzrə təlimatları təmin edən ISSAI 1 − Lima Bəyannaməsinə əsasən işlənib hazırlanır.

 

Lima Bəyannaməsində dövlət sektorunda auditin məqsədi vurğulanmaqla AAQ-lar üçün əsas çərçivə - onların mandat və səlahiyyətləri, müstəqilliyi, parlament, hökumət və inzibati sistemlə əlaqələri, audit metodları, audit heyətinin formalaşması və s. məsələlər üzrə əsas təməl prinsipləri müəyyən edir.

 

2-ci səviyyədə (ISSAI 10-99) AAQ-larının fəaliyyəti və peşəkar idarə olunması ilə bağlı zəruri ilkin şərtlər təsvir olunur. Bura müstəqillik, şəffaflıq, hesabatlılıq, etika və keyfiyyətə nəzarət üzrə prinsiplər və təlimatlar daxildir. 

 

3-cü səviyyə standartlar (ISSAI - 100-999) fundamental audit prinsipləri ISSAI 1 – Lima Bəyannaməsinə və 2-ci səviyyə ISSAI-lara istinad edir və onları dəqiqləşdirərək tamamlamaqla dövlət sektoru auditinin mahiyyəti  açılır.  Bura  dövlət  sektoru müəssisələrinin effektiv, müstəqil auditinin əsasını təşkil edən və dövlət sektoru auditini müəyyən edən rəsmi beynəlxalq meyarları təmin edən ümumi qəbul  olunmuş iş prinsipləri daxildir.

 

4-cü səviyyə standartlar (ISSAI - 1000-4999) Auditin Fundamental Prinsiplərini gündəlik audit tapşırıqlarının yerinə yetirilməsində istifadə oluna bilən daha dəqiq, müfəssəl və işçi prinsiplər kimi müəyyən edir. Bu səviyyə standartlar maliyyə, səmərəlilik və uyğunluq auditi üzrə tövsiyə olunan tələbləri əhatə edir. Onlar davamlı olaraq INTOSAI altkomitələri tərəfindən yenilənir və beynəlxalq səviyyədə qəbul olunmuş qabaqcıl audit təcrübələrini müəyyən edir.

 

INTOSAI bütün üzvlərini bütün dövlət sektoru auditində ISSAI çərçivəsini  ümumi meyar olaraq tətbiq etməyə, öz fəaliyyətlərini və audit rəhbərliyini ISSAI-lərinə  əsasən ölçməyə  və ISSAI-lərini öz  mandatları, yerli qanunvericilik  və  təlimatlara  müvafiq  olaraq  yerinə  yetirməyə  çağırır. 

 

Dövlət  təşkilatları  daxilində  effektiv  daxili nəzarət sistemləri, etibarlı daxili audit və  dövlət sektorunda müvafiq  mühasibat  və  hesabatvermə standartları daxil  olmaqla,  qabaqcıl  idarəçiliyin  təkmilləşdirilməsi  məqsədilə qabaqcıl  idarəçilik  üzrə  INTOSAI təlimatları da qəbul edilmişdir (GOV).

 

Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nə əsasən Hesablama Palatası metodiki göstərişlərini, təlimatlarını, audit standartlarını, hesabat və məlumat formalarını, habelə digər normativ-metodiki sənədlərini İNTOSAİ (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) tərəfindən qəbul edilmiş standartlara uyğun olaraq hazırlayır.