NORMATİV-METODİKİ SƏNƏDLƏR

► Hesablama Palatası Kollegiyasının 2007-ci il 11 oktyabr tarixli Q-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası üzvlərinə dair etik davranış Qaydaları” Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) 1998-ci ilin noyabrında keçirilmiş XVI Konqresində qəbul edilmiş dövlət sektorunda auditorlar üçün INTOSAI-nin Etika Məcəlləsi ilə müəyyən edilmiş rəftar normalarına əsasən hazırlanmışdır.

Qeyd edilən Qaydalar Hesablama Palatasının üzvləri üçün etika normalarını, peşəkar rəftar və qarşılıqlı münasibət qaydalarını tənzimləmək məqsədini daşıyır. 

 

► Hesablama Palatası Kollegiyasının 2007-ci il 11 oktyabr tarixli Q-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının dövlət qulluqçularının etik davranış Qaydaları” “Dövlət qulluqçularının etik davranış Qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin icrası olaraq hazırlanmış və Hesablama Palatasında işləyən dövlət qulluqçularının etik davranış qaydalarını, prinsiplərini, və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir və qeyd edilən Qanunla və qanunvericiliklə bu sahə üzrə müəyyən edilmiş digər məsələləri tənzimləyir.

 

► Hesablama Palatası Kollegiyasının 2009-cu il 17 aprel tarixli Q-30 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları” Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın strukturu və məzmunu, onun hazırlanması və rəsmiləşdirilməsi zamanı Palatanın struktur bölmələri tərəfindən həyata keçirilən fəaliyyətlər və istifadə edilən məlumatlar üzrə ümumi tələblərin müəyyən edilməsi və hesabatın hazırlanmasında istifadə edilən prosedur və yanaşmalarda vahid metodologiyanı tətbiq etmək məqsədi ilə hazırlanmışdır.

Qaydalarda hesabat ili ərzində Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilən ümumi fəaliyyətin nəticələrinin əks etdirilməsinə tələblər müəyyən olunmaqla əsas diqqət Palatanın maliyyə-büdcə nəzarəti tədbirləri və cari fəaliyyətinin təşkili məsələlərinə yönəldilmişdir. Bu Qaydalarda illik hesabatın strukturu ilə yanaşı onun hazırlanması üçün istifadə olunan məlumat mənbələri, hər bir bölmədə əsas diqqətin yönəldilməli məsələlərin siyahısı göstərilmişdir. Struktur bölmələri tərəfindən hesabatın hazırlanmasında Hesablama Palatasının fəaliyyəti üzrə prioritetlərin və əldə olunmuş əsas nəticələrin, nəzarət tədbirlərinin xarakteristikasının, aşkar edilmiş nöqsan və çatışmazlıqların, onların aradan qaldırılması üçün görülmüş tədbirlərin, habelə cari fəaliyyətin təşkili, o cümlədən qanunvericilik, maddi-texniki təminat, maliyyə-təsərrüfat, beynəlxalq əməkdaşlıq  və s. üzrə məsələlərin hesabatda əks etdirilməsi qaydaları geniş ifadə edilmişdir.   

 

“Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclaslarının iş Qaydaları” Hesablama Palatasının cari fəaliyyətinin tənzimlənməsi, tələb olunan normativ-metodoloji təminatın təşkili, həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə hesabat, rəy, qərar və s. məsələlərə baxılması, müzakirə edilməsi və barəsində yekun qərarın çıxarılması üçün Palatanın Kollegiya iclaslarının çağırılmasını, təşkilini, keçirilməsini və nəticələrinin rəsmiləşdirilməsini təmin etmək məqsədilə hazırlanmış və Hesablama Palatası Kollegiyasının 2009-cu il 30 yanvar tarixli Q-2 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qaydalarda Kollegiya iclaslarının qanunvericiliklə müəyyən edilmiş məsələlərin icrası ilə əlaqədar çağırılması, Kollegiya iclaslarında baxılmalı məsələlərin iclasa təqdim edilməsi, iclasların təşkil edilməsinə rəhbərliyin həyata keçirilməsi, iclasların gündəliyi və iclasa çıxarılan məsələlər ilə əlaqədar təqdim olunmuş sənədlərin forması, tərtibi və onun Kollegiya üzvlərinə təqdim edilməsi prosedurları müəyyənləşdirilmişdir.

Bununla yanaşı, Qaydalarda Palatanın Kollegiya iclaslarının keçirilməsi, iclaslara rəhbərlik edilməsi, iclasın təxirə salınması və ya başqa vaxta keçirilməsi, iclasın gündəliyinə əlavələrin edilməsi, məsələlərin dəyişdirilməsi və ya gündəlikdən çıxarılması, iclaslarda müzakirə edilən məsələlərə dair səsvermənin həyata keçirilməsi, Kollegiya iclaslarının nəticələrinin protokollarla rəsmiləşdirilməsi və qeydiyyata alınmasına dair tələblər də öz əksini tapmışdır.

 

“Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları” Hesablama Palatasının işinin planlaşdırılmasının ümumi prinsip və metodlarını, iş planının strukturunu, məzmununu, hazırlanması, baxılması və təsdiqi prosedurlarını, eləcə də icrasına nəzarətin həyata keçirilməsini tənzimləmək məqsədilə hazırlanmış və Hesablama Palatası Kollegiyasının 2009-cu il 30 yanvar tarixli Q-2 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Digər dövlətlərin ali audit qurumlarında olduğu kimi Hesablama Palatası da öz işini dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına kompleks nəzarətin, habelə digər nəzarət tədbirlərinin həyata keçirilməsi zərurətindən irəli gələn tələbləri yerinə yetirmək üçün hazırlanan illik iş planı əsasında qurur.

Palata illik işinin planlaşdırılmasına sistemli yanaşma tətbiq etməklə qanunçuluq, obyektivlik, ədalətlilik, sərbəstlik, aşkarlıq, kollegiallıq, digər dövlət nəzarəti orqanları ilə qarşılıqlı əlaqə prinsiplərinə əsaslanır və bu zaman əsasən məqsədli proqram və normativ metodlardan istifadə edir. Qaydalar həmçinin illik iş planının formalaşması üçün mövcud qanunvericiliyə uyğun olaraq digər mənbələrdən daxil olan sorğu və təkliflərin, Palata tərəfindən aparılan araşdırmaların nəticələrinin nəzərə alınması prosedurlarını tənzimləyir.  

 

► Hesablama Palatası Kollegiyasının 2009-cu il 11 mart tarixli Q-10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirlərinin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları” müvafiq qanunvericiliklə Hesablama Palatasına həvalə edilmiş funksiyalar daxilində aparılan maliyyə-büdcə nəzarəti tədbirlərinin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosedurlarını tənzimlənmək məqsədilə hazırlanmışdır. Qaydaların predmetini yoxlanılan qurumlarda dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərclərinin icrası prosesinin müvafiq qanunvericilik aktlarına və normativ-metodiki sənədlərə uyğunluğunun araşdırılması, o cümlədən maliyyə pozuntularının, nöqsan və çatışmazlıqların aşkar edilməsi, onların aradan qaldırılması üçün həyata keçirilməli olan tədbirlərin müəyyənləşdirilməsi və s. məsələlər təşkil edir.

Qaydalarda maliyyə-büdcə nəzarəti tədbirlərinin növləri, formaları və metodları, tədbirin keçirilməsində və nəticələrinin dəyərləndirilməsində istifadə edilən əsas anlayışlar ətraflı şərh edilmişdir. 

Qaydalarda maliyyə-büdcə nəzarəti tədbirlərinin növləri, formaları və metodları, tədbirin keçirilməsində və nəticələrinin dəyərləndirilməsində istifadə edilən əsas anlayışlara ətraflı izah verilməsi ilə yanaşı, nəzarət tədbirinin keçirilməsinə hazırlıq və onun planlaşdırılması, tədbirin keçirilməsi üçün proqram və işçi planın tərtibi və onlara dəyişikliklərin edilməsi, nəzarət tədbiri keçiriləcək qurum və onun fəaliyyəti barədə zəruri məlumatların əldə olunması, nəzarət tədbirinin məqsədinin və miqyasının müəyyən edilməsi, nəticələrin müvafiq sənədlərlə rəsmiləşdirilməsi, nəzarət tədbirinin nəticələrinə Palatanın Kollegiya iclasında baxılması və s. kimi prosedurların tənzimlənməsi məsələləri tənzimlənməklə, hər bir mərhələdə müvafiq məsul şəxslər tərəfindən yerinə yetirilməli olan fəaliyyətlər müəyyən edilmişdir.

 

► Hesablama Palatası Kollegiyasının 2009-cu il 18 may tarixli Q-31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin icrası barədə müvafiq qanun layihələrinə və illik hesabata dair Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları” dövlət büdcəsinin icrası barədə müvafiq qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyinin strukturu, məzmunu, onun hazırlanması və rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən ümumi fəaliyyət üzrə vahid metodologiyanın tətbiq edilməsi məqsədilə hazırlanmışdır.

Qaydalarda Palatanın rəyinin hesabat ilində dövlət büdcəsinin gəlir və xərc parametrlərinin icra vəziyyəti, habelə büdcənin icrası üzrə müəyyən edilmiş prioritet vəzifə və funksiyalar, Palata tərəfindən həyata keçirilmiş maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrini əhatə etməklə rəyin strukturunu təşkil edən məsələlərin tərkibi müəyyənləşdirilmiş, dövlət büdcəsinin gəlir və xərclərinin icrası, dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi vəziyyəti barədə müddəalar öz əksini tapmışdır.

Bundan başqa, Qaydalarda rəyin hazırlanması üçün istifadə olunan məlumat mənbələri, tətbiq edilən metodlar və təhlil işlərinin əsas istiqamətləri, rəyin tərtibi, baxılması və təsdiq olunmasına dair digər prosedurlar da öz əksini tapmışdır.

 

 

► Hesablama Palatası Kollegiyasının 2009-cu il 18 iyun tarixli Q-41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının funksiyalarının həyata keçirilməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanlarının nümayəndələrinin, auditor təşkilatlarının, müstəqil auditorların, ekspertlərin və ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi Qaydaları” Palatanın qanunvericiliklə müəyyən edilmiş funksiyalarının həyata keçirilməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanlarının nümayəndələrinin, auditor təşkilatlarının, müstəqil auditorların, ekspertlərin və ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi prosedurlarını, onların qarşısında qoyulan tələbləri və işin nəticələrinin rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi ilə bağlı ümumi məsələləri tənzimləyir.

 

► Hesablama Palatası Kollegiyasının 2009-cu il 18 iyun tarixli Q-42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikası Qanununun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq olunması Qaydaları” dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinə Palatanın rəyinin strukturu, məzmunu, onun hazırlanması zamanı həyata keçirilən prosessual fəaliyyətin prinsipləri, struktur bölmələri tərəfindən məlumat bazasından istifadə edilməsi və rəsmiləşdirilməsi üzrə ümumi tələblərin müəyyən olunması və vahid metodologiyanın tətbiqi məqsədini daşıyır.

Qaydalarda rəyin ortamüddətli perspektivə iqtisadi və sosial inkişaf konsepsiyasını, büdcə zərfində və müvafiq qanun layihəsində nəzərdə tutulmuş növbəti ilin dövlət büdcəsinin gəlir və xərc parametrləri üzrə proqnoz səviyyələrinin müfəssəl təhlilini, iqtisadiyyatın ayrı-ayrı sahələrinin büdcə vasitəsilə maliyyələşdirilmə istiqamətlərini, proqnozlaşdırma zamanı istifadə olunan yanaşmaları əhatə etməklə onun strukturunun dövlət büdcəsi üzrə müvafiq ilin dövlət büdcəsi layihəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şərait, dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi, büdcədənkənar dövlət fondları (təsisatları) üzrə ümumi müddəalar, büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirləri və xərcləri bölmələrindən təşkil olunması, həmçinin bölmələrin əhatə etdiyi məsələlərin siyahısına dair prosedurlar müəyyən edilmişdir.

Qaydalarda rəyin hazırlanması üçün istifadə olunan məlumat mənbələri, tələblər və təhlil metodikası, rəyin layihəsinin müvafiq qaydada baxılmaq üçün Kollegiya iclasına təqdim edilməsi və Kollegiya iclası tərəfindən təsdiq olunması kimi məsələlər də öz əksini tapmışdır.

 

 

► Hesablama Palatası Kollegiyasının 2009-cu il 14 avqust tarixli Q-47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası ilə digər dövlət nəzarət orqanlarının birgə nəzarət tədbirlərinin keçirilməsi Qaydaları” Palatanın digər dövlət orqanları ilə həyata keçirəcəyi birgə maliyyə-büdcə nəzarətinin formaları, nəzarət tədbirinin qarşılıqlı razılaşdırılması, iş planında nəzərə alınması, həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosedurlarının tənzimlənməsi ilə bağlı ümumi prinsipləri müəyyən edir.

 

► Hesablama Palatası Kollegiyasının 2010-cu il 06 oktyabr tarixli Q-72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrasına nəzarət edilməsi Qaydaları” Palata tərəfindən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunun 16-1-ci maddəsinə əsasən maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş Kollegiya qərarlarının (təqdimatların) maliyyə nəzarəti tədbiri aparılan təşkilatlar və nəzarətin predmeti ilə əlaqədar müvafiq dövlət orqanları,  idarə, müəssisə və təşkilatlar tərəfindən icra olunmasına Palata tərəfindən nəzarət edilməsi proseduralarını (monitorinqini) müəyyən etmək məqsədilə hazırlanmışdır.

Qaydalarda nəzarət tədbirlərinin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrasına nəzarətin həvalə edilməsi, nəzarət tədbirinin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarının icra vəziyyəti barədə məlumatın Palata rəhbərliyinə verilməsi, habelə Kollegiya qərarının icrasını təmin etmək məqsədilə təkliflərin rəhbərliyə təqdim edilməsi prosedurları müəyyənləşdirilmişdir.

Bununla yanaşı, Qaydalarda Kollegiya qərarlarının icra vəziyyəti barədə məlumatların ümumiləşdirilməsinə və həmin məlumatların Palatanın fəaliyyəti barədə illik hesabatın hazırlanması məqsədi ilə istifadəsinə dair normalar da öz əksini tapmışdır.

 

“Azərbaycan Respublikası Hesablama Palatasının nəzarət tədbirləri zamanı audit sübutlarının əldə edilməsi Qaydaları” Hesablama Palatası Kollegiyasının 2010-cu il 06 oktyabr tarixli Q-73 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qaydaların qəbulunda məqsəd Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarətinin keçirilməsi zamanı əsaslandırılmış və dolğun audit sübutlarının əldə edilməsi prosedurlarının müəyyən edilməsidir.

Qaydaların predmetini audit sübutlarına dair tələblərin müəyyən edilməsi, audit sübutlarının təsnifləşdirilməsi və audit sübutlarının əldə edilməsi prosedurlarının müəyyən olunması təşkil edir.

Bununla yanaşı, qeyd edilən Qaydalarda audit sübutlarına dair tələblər, o cümlədən audit sübutlarının toplanılması zamanı onların əhəmiyyətli, etibarlı, nəzarət tədbirinin predmetinə müvafiq olmasına, sübutların əldə edilməsi prosedurları və rəsmiləşdirilməsinə, habelə sübutların əldə edilməsi üçün məlumatların və faktların toplanılması prosesinə və Qaydaların predmetinə dair digər tələblər müəyyən edilmişdir.

 

► Hesablama Palatası Kollegiyasının 2010-cu il 06 oktyabr tarixli Q-74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən xarici ölkələrin ali audit qurumları ilə birgə və paralel nəzarət tədbirlərinin aparılması Qaydaları” Palatanın xarici ölkələrin Ali Audit Qurumları ilə birgə və paralel nəzarət tədbirlərinin planlaşdırılması, təşkili, həyata keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosedurlarını tənzimlənməsi ilə bağlı prosedurları və digər məsələləri tənzimləyir.

Qaydalarda xarici ölkələrin Ali Audit Qurumları tərəfindən birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi barədə Hesablama Palatasına daxil olan və Palata tərəfindən göndərilən müraciətlərə baxılması, nəzarət formasının müəyyən edilməsi, birgə nəzarət tədbirinin proqramı barədə qərarların hazırlanması və qəbulu, bu tədbirlərin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi, habelə birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi prosesində Hesablama Palatasının xarici ölkələrin AAQ-ları ilə qarşılıqlı əməkdaşlıq formalarını özündə əks etdirən digər prosedurlara dair müddəalar yer almışdır.

 

► Hesablama Palatası Kollegiyasının 2011-ci il 07 fevral tarixli Q-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin idarə edilməsi Qaydaları” Palata tərəfindən həyata keçirilən maliyyə-büdcə nəzarəti fəaliyyətinin səmərəliliyinin artırılması üçün nəzarət tədbirlərinin keyfiyyətinin idarə edilməsi sisteminin təşkili, tənzimlənməsi və fəaliyyət məsələlərini özündə ehtiva edən qayda və prosedurları müəyyən etmək məqsədilə hazırlanmışdır.

Bu Qaydaların tətbiqi ilk növbədə Palatanın həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrinin obyektivliyini, əhatəliliyini, tamlığını, səmərəliliyini və etibarlılığını təmin etməklə Palatanın əsas funksiyalarının icrasının daha da gücləndirilməsinə xidmət edir.

Qaydalarda nəzarət tədbirlərinin keyfiyyətinin idarə edilməsinin məzmununa, nəzarət tədbirinin keyfiyyətinə, nəzarət tədbirinin keyfiyyətini əks etdirən meyarlara və keyfiyyətin idarə edilməsinin vəzifələrinə dair tələblər və s. məsələlər müəyyən edilmişdir.

 

“Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirləri keçirilən qurumlarda normativ-hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması Qaydaları”  Hesablama Palatası Kollegiyasının 2011-ci il 07 fevral tarixli Q-13 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Bu Qaydalar Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı nəzarətin obyekti olan qurumda Palata tərəfindən maliyyə nəzarətinin predmeti ilə əlaqədar normativ-hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması üzrə əsas tələblərin ifadə edilməsi, eləcə də normativ-hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması üsullarının müəyyən olunması və qurumda normativ-hüquqi aktların tələblərinə əməl edilməməsi faktlarının aşkar olunması zamanı həyata keçirilən fəaliyyətin müəyyən edilməsi kimi məsələləri müəyyən edir.

 

► Hesablama Palatası Kollegiyasının 2011-ci il 20 iyun tarixli Q-37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının normativ-metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi Qaydaları” Palatanın normativ-metodiki sənədlərinin hazırlanması, onlara baxılması və təsdiq olunması qaydaları üzrə ümumi prosedur qaydalarını, habelə normativ-metodiki sənədlərin növlərinə və strukturuna, həmçinin forma və məzmununa dair tələblərin müəyyən edilməsi ilə bağlı ümumi prinsipləri müəyyən edir.

Bu Qaydaların tətbiqi normativ-metodiki sənədlərin hazırlanması və təsdiqlənməsi prosesinin nizama salınmasına və Palatanın fəaliyyətinin metodiki təminatı üzrə vahid sistemin yaradılmasına imkan verir. Qaydalarda təyinatlarına görə normativ-metodiki sənədlərin təsnifləşdirilməsi, müəyyən olunmuş təsnifata görə sənədlərin xarakteristikası, habelə digər sənədlərlə qarşılıqlı əlaqə, əsas prinsip və metodikanın müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapmışdır.