BEYNƏLXALQ SƏNƏDLƏR

 

Dünya AAQ-larının istinad etdiyi beynəlxalq sənədlər

 

AAQ-ların tam müstəqilliyinin təmin edilməsi, fəaliyyətinin gücləndirilməsi, həmçinin potensialının artırılması istiqamətində qəbul edilmiş beynəlxalq sənədlər xüsusi rola malikdir.

 

1977-ci ildə Peruda keçirilmiş IX INCOSAI-da (INTOSAI Konqresi) qəbul edilmiş Lima Bəyannaməsi auditin təməl prinsiplərindən bəhs edir. Lima Bəyannaməsi (ISSAI 1) AAQ-ların keçdiyi inkişaf yolundan, hökumətdə tutduğu yerdən və necə təşkil olunmasından asılı olmayaraq bütün AAQ-lar üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Əsas məqsədinin müstəqil dövlət auditlərinin keçirilməsi olan bəyannamənin prinsipləri zamandan asılı olmayaraq qəbul edildiyi gündən aktuallığını qoruyub saxlayan zəruri dəyərləri əhatə edir.

 

2007-ci ildə Meksikada keçirilmiş XIX INCOSAI-da dövlət vəsaitlərindən qanuni və səmərəli istifadənin dövlət maliyyəsinin düzgün idarə edilməsi və məsul orqanların qərarlarının effektivliyi üçün vacibliyi, həmçinin AAQ-ların öz səlahiyyətlərini həyata keçirmələri üçün funksional və təşkilati müstəqilliyə malik olması zərurəti nəzərə alınaraq Müstəqillik haqqında Mexiko Bəyannaməsi (ISSAI 10) qəbul edilmişdir.

 

AAQ-ların müstəqilliyinin gücləndirilməsi, həmçinin Lima və Mexiko Bəyannamələrinin tanınmasında AAQ-ların birgə səylərinin ən mühüm nailiyyəti BMT Baş Assambleyasının 22 dekabr 2011-ci ildə “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” A/66/209 saylı qətnamə qəbul etməsi olmuşdur. Qətnamə üzv dövlətləri və müvafiq BMT qurumlarını potensialın artırılması yolu ilə gücləndirilmiş AAQ-lar vasitəsilə səmərəliliyi, cavabdehliyi, effektivliyi və şəffaflığı təmin etməklə qabaqcıl idarəçiliyi möhkəmləndirmək sahəsində INTOSAI ilə əməkdaşlığa çağırır.

 

BMT-nin AAQ-lara göstərdiyi növbəti dəstək 19 dekabr 2014-cü il tarixində “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəetməsinin səmərəliliyinin, cavabdehliyinin, effektivlik və şəffaflığının inkişaf etdirilməsi və gücləndirilməsi haqqında A/RES/69/228 saylı qətnamənin qəbul edilməsi olmuşdur.

 

Qətnamədə, AAQ-ların müstəqilliyinin, Lima və Mexiko Bəyannamələrinin, eyni zamanda, üzv dövlətlər və BMT-nin müvafiq qurumları arasında əməkdaşlıqların davam etdirilməsi və gücləndirilməsinin, o cümlədən dövlət mühasibatlıq sistemlərinin təkmilləşdirilməsinin, gücləndirilmiş AAQ-lar vasitəsilə səmərəlilik, cavabdehlik, effektivlik və şəffaflığın təmin edilməsi ilə bütün səviyyələrdə qabaqcıl idarəçiliyi inkişaf etdirmək üçün INTOSAI-la birgə potensialın qurulmasının, AAQ-ların müstəqilliyinin və potensialının artırılmasının,  dövlət mühasibatlığı və auditi ilə bağlı potensialın yaradılmasının, bilik və qabaqcıl təcrübədə inkişaf etməkdə olan ölkələrə dəstək göstərmək üçün davamlı beynəlxalq əməkdaşlığın mühümlüyü vurğulanmışdır.

 

Əlaqəli fayl(-lar):

 

 Lima Bəyannaməsi

 Mexiko Bəyannaməsi

 Qətnamə A-66-209

 Qətnamə A-RES-69-228