MANDAT

 

Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

 

Qanunvericiliyə əsasən Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətləri aşağıdakıları əhatə edir:

 

- qanunvericiliyə uyğun olaraq büdcə prosesində iştirakı;

 

- dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti;

 

- ekspert-analitik fəaliyyəti;

 

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə dair rəy verilməsi;

 

- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair rəy verilməsi;

 

- Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası;

 

- maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi.

 

Maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərinə uyğun olaraq Palata aşağıdakı funksiyaları həyata keçirir:

 

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;

 

- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin, eyni zamanda Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;

 

- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;

 

- Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrinin maliyyə ekspertizasını keçirir;

 

- dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

 

- dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir;

 

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

 

- dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır;

 

- bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını həyata keçirir.

 

Bununla yanaşı, Palata Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sorğuları əsasında maliyyə-büdcə ekspertizası keçirir, rəy hazırlayır və təkliflər verir.

 

Qanunvericliyiə əsasən Hesablama Palatası maliyyə-büdcə nəzarətini audit vasitəsilə həyata keçirir.