STRATEJİ İNKİŞAF PLANI 2015-17

 

Strateji İnkişaf Planının xülasəsi

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı (PDF) “Azərbaycan – 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və Birləşmiş Millətlər Təşkilatının 66/209 və 69/228 saylı Qətnamələrində də qeyd olunan və Ali Audit Qurumu olaraq Hesablama Palatasının fəaliyyətinə təsir edəcək bütün əsas amilləri əhatə edir. 

 

Missiyamız - "Hesabatlılıq və şəffaflığı təşviq etmək məqsədilə obyektiv və qərəzsiz nəzarət mexanizmlərini həyata keçirməklə  ölkənin  resurslarının ən qənaətli, səmərəli və effektiv istifadəsinə, vətəndaşların rifahının güclənməsinə, dövlət idarəetməsinin və maliyyə inzibatçılığının inkişafına dəstək göstərmək”.

 

Gələcəyə baxış - “Nəzarət mexanizmlərini beynəlxalq standartlara uyğun, müstəqil, yüksək keyfiyyətli, vaxtında və peşəkar şəkildə tətbiq etməklə Azərbaycana öz resurslarını müdrikliklə sərf etməyə kömək etmək”.

 

Strateji İnkişaf Planının əsas məqsədi qarşıdakı 2015-2017-ci illəri əhatə edən dövrdə Hesablama Palatasında bacarıqların yaradılması və möhkəmləndirilməsini diqqət mərkəzində saxlamaqla əldə olunmuş və inkişaf etdirilmiş yeni bacarıqların təcrübədə geniş şəkildə istifadə edilməsinə nail olmaqdır.  

 

Strateji İnkişaf Planı ilə nəzərdə tutulan məqsədlər:

 

1-ci məqsəd: Hesablama Palatasının işində və əldə etdiyi nəticələrdə marağı olan bir sıra kənar tərəfdaşlarla daha güclü və effektiv əlaqələrin qurulması.

 

2-ci məqsəd: Hesablama Palatası haqqında yeni qanunun və audit standartlarının səmərəli şəkildə tətbiqini təmin etmək.

 

3-cü məqsəd: Dövlət büdcəsi parametrlərinin təhlili yolu ilə vəsaitlərin səmərəli və qənaətli istifadə potensiallarının və makrosəviyyədə təsirlərinin müəyyən edilməsi üzrə  bacarıqları inkişaf etdirmək.

 

4-cü  məqsəd: Maliyyə və uyğunluq auditi üzrə bacarıqların əlavə inkişaf etdirilməsini və maliyyə auditinin geniş şəkildə səmərəli tətbiqini təmin etmək və Hesablama Palatasının səmərəlilik auditi üzrə bacarıqlarının gücləndirilməsi və İT strategiyasına daxil edilmiş müfəssəl planların 2015-2017-ci illər ərzində həyata keçirilməsini təmin etməklə nəticədə Hesablama Palatasında yeni İT auditi funksiyasını inkişaf etdirmək.

 

5-ci məqsəd:  Hesablama Palatasında müasir və müvafiq bacarıqlara malik kadrların çalışmasını təmin etmək.