SABİQ SƏDRLƏR

Namiq Nəsrulla oğlu Nəsrullayev

 

 1945-ci il 2 fevral Bakı şəhərində anadan olmuş və Azərbaycan Respublikası Hesablama Palatasının ilk Sədri vəzifəsində işləmişdir. 

 

1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

 

1968-ci ildən Moskvada akademik B.N.Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir. 

 

1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 

 

1978-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, “Kibernetika” XKB- nin direktoru işləmişdir.  

 

1987-ci ildə Azərbaycan “Ulduz” Elm İstehsalat Birliyinin və “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır . 

 

1995-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir. 

 

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının Sədri vəzifəsinə təyin edilmiş, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilmişdir.  

 

N.Nəsrullayevin Palatanın Sədri vəzifəsində işlədiyi dövrdə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi” qəbul edilmiş, dövlət maliyyə nəzarəti orqanı kimi Hesablama Palatası təşkilatı-struktur baxımından formalaşmış və fəaliyyətə başlamış, bir sıra ölkələrin Ali Audit Qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər görülmüşdür.  

 

1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə “Əmək rəşadəti” medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə “Dostluq” ordeni, 2007-ci ildə Rusiya Federasiyasının Hesablama Palatasının “Fərqlənmə nişanı” ilə təltif edilmişdir.

 

15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir.

 

Ailəlidir, 2 övladı var. 

 

 

Heydər Xanış oğlu Əsədov

 

1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur.

 

1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini bitirmişdir.

 

1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir.

 

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır.

 

1983 - 1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmişdir.

 

1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 

 

1992-1995-ci illərdə Türkiyə Respublikasının Mərmərə Universitetinin doktoranturasına qəbul olunmuşdur.

 

1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini vəzifələrində işləmişdir.

 

1995-ci ildə Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

 

2007-ci il 17 aprel tarixində Milli Məclisin Qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri vəzifəsinə təyin olunmuşdur.

 

2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

 

Azərbaycan Respublikası Predizentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.

 

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

 

Ailəlidir, Üç  övladı var.