Azim Abbasov

 

İqtisadi sahələrin auditi şöbəsinin müdiri

 

 

 

1963-cü il aprel ayının 6-da anadan olmuşdur.

1988-ci ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialını bitirmişdir. 1992-ci ildə Sankt Peterburq Maliyyə İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi  dərəcəsini almışdır, dosentdir.   

1988-1992-ci illərdə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda laborant, tədqiqatçı, əyani aspirant olmuşdur. 1993-1994-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Maddi istehsal sahələrinin maliyyəsi və investisiya baş idarəsində iqtisadi müşavir, Aqrar-sənaye kompleksinə xidmət sahələrinin maliyyəsi şöbəsinin rəisi, 1994 -1999-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Maliyyə, kredit və pul tədavülü şöbəsinin rəisi vəsifələrində çalışmışdır.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 may tarixli, 111 nömrəli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya üzvü təsdiq eilmişdir.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kagızlar üzrə Dövlət Komitəsinin Öhdəliklərin tədavülü və girov əməliyyatlarının uçotu departamentinin rəisi, Borc öhdəlikləri bazarının tənzimlənməsi və girov əməliyyatlarının uçotu şöbəsinin rəisi vəzifələrində işləmişdir.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası İcmal-analitik nəzarət şöbəsinin, 2008-2015-ci illərdə isə İqtisadiyyatın maliyyələşdirilməsinə nəzarət şöbəsinin, 2015-2016-cı illərdə İqtisadiyyatın real sektoruna ayrılan xərclərin auditi şöbəsinin müdiri  vəzifəsində işləmişdir. 2016-cı ilin yanvar ayında Hesablama Palatasında aparılmış struktur dəyişikliyi nəticəsində İqtisadi sahələrin auditi şöbəsinin müdiri təyin edilmişdir.

1988-ci ildən başlayaraq müxtəlif ali təhsil müəssisələrində elmi-pedoqoji fəaliyyətlə məşğul olmuş,  200-dən çox elmi əsərin, o cümlədən üç kitabın, iki monoqrafiyanın, iki dərsliyin, bir metodik vəsaitin, dörd proqramın müəllifidir. Elmi əsərlərdən 12-si xarici ölkələrdə çap olunmuşdur. “Azərbaycan Respublikasında borc öhdəlikləri bazarının formalaşması və inkişaf perspektivləri” mövzusunda  doktorluq dissertasiyasını hazırlamışdır.

 

Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 2131 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

 

İqtisadi sahələrin auditi şöbəsinin fəaliyyət istiqamətləri:

mənzil və kommunal təsərrüfatı, yanacaq və enerji, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət və əsas bölmələrə aid edilməyən xidmətlər xərclərinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə istifadəsinin, Hesablama Palatasının müvafiq bölgüsünə və İş Planına əsasən auditini və analitik təhlilini həyata keçirir;

növbəti il üçün dövlət büdcəsi haqqında qanun layihəsinə fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə dair fəaliyyət istiqaməti üzrə müvafiq rəyin layihəsini hazırlayır;

Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması üçün maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanmasını təmin edir;

aidiyyəti üzrə Palatanın İş planına təkliflər hazırlayır və Palatanın rəhbərliyinə təqdim edir;

aparılmış analitik təhlillər və keçirilmiş audit tədbirlərinin nəticələrinə əsasən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;

müəyyən olunmuş qaydada şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq normativ hüquqi-aktların hazırlanmasını təmin edir;

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.