2008-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy

 

Hesabat ilində əsas makroiqtisadi göstərici olan ÜDM istehsalı 2008-ci ildə nəzərdə tutulmuş 32665,2 mln. manat proqnoza qarşı 38005,7 mln. manat və ya 116,3% icra olunmuşdur. ÜDM-in 85,0%-nin qeyri-dövlət bölməsində yaradılması və qeyri-neft sektorunda artımın 15,7% təşkil etməklə neft sektorundakı artımdan 8,7 faiz bəndi çox olması, habelə adambaşına əvvəlki illə müqayisədə 9,5% çox olmaqla 4439,9 manatlıq (və ya 5403,9 ABŞ dolları) əlavə dəyərin istehsal olunması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.

 

Hesabat ilinin birinci yarısında dünya iqtisadiyyatında mövcud olan əlverişli mühit büdcənin mədaxil hissəsinə müsbət təsir göstərmiş və son nəticədə dövlət büdcəsinin gəlirləri 10484,0 mln. manat proqnoza qarşı 10762,7 mln. manat və ya 102,7% icra olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 4756,1 mln. manat və ya 79,2% çoxdur. Daxilolma səviyyəsinə uyğun olaraq dövlət büdcəsi xərclərinin 2008-ci ildə əvvəlki illə müqayisədə 4688,0 mln. manat və ya 77,0% çox icra edilməsinə baxmayaraq, 11060,6 mln. manat proqnoza qarşı icra 10774,2 mln. manat və ya 97,4% təşkil etmişdir. 2007-ci ilə nisbətən 2008-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 7,1 faiz bəndi artaraq 28,3%, xərcləri isə 6,8 faiz bəndi  artaraq 28,3% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, Dövlət Neft Fondundan ayırmalar nəzərə alınmadıqda 2008-ci ildə ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 18,3% və xərclərin xüsusi çəkisi isə 18,4% olmuşdur. Eyni zamanda hesabat ilində dövlət büdcəsinin gəlir və xərcləri üzrə artımın həcmi ÜDM-in artımını 17,5 faiz bəndi üstələmişdir. Qlobal böhran şəraitində dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsinin artırılması və büdcə xərclərinin çoxaldılması hesabına fiskal tənzimlənmənin gücləndirilməsi beynəlxalq təcrübədə zəruri mexanizmlərdən biri olduğu üçün dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-dəki xüsusi çəkilərinin əhəmiyyətli dərəcədə artırılması xüsusilə böyük əhəmiyyət kəsb edir.

 

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy