2019-cu il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi (bundan sonra Rəy) “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbinə, habelə “Dövlət büdcəsinin icrası barədə müvafiq qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

 

Rəyin tərtib olunmasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1349-VQ nömrəli və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyul 2019-cu il  tarixli 1645-VQD nömrəli qanunları, bu qanunların tətbiqi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları, həmçinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanlarından, 2019-cu il və əvvəlki illər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatlarından, Azərbaycan Respublikası Vergilər Nazirliyinin aylıq və illik hesabatlarından, Mərkəzi Bankın, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rüblük hesabat və statistik məlumatlarından, Hesablama Palatası tərəfindən həyata keçirilən təhlillərin nəticələrindən, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından, həmçinin dövlət büdcəsinin vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən Hesablama Palatasına təqdim edilmiş hesabat və məlumatlardan istifadə edilmişdir.

 

Hesabat ilində dövlət büdcəsi xərclərinin həm funksional, həm də iqtisadi təsnifat üzrə bölmələr, köməkçi bölmələr və paraqraflarında dəyişiklik edildiyini nəzərə alaraq, təhlillərdə təqdim edilmiş dəyişdirilmiş təyinat göstəricilərinə istinad olunmuş, təhlillər “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilmişdir. 

 

Rəyin hazırlanması zamanı analitik təhlil metodlarından, o cümlədən üfüqi (trend), şaquli (struktur), müqayisə, qruplaşdırma və s. metodlarından istifadə olunmuş, nəticələrin qrafik təsvirinə üstünlük verilmiş, həmçinin bir sıra aktual məsələlər üzrə beynəlxalq təcrübə və nəzəriyyələrdən çıxarışlar haşiyə şəklində Rəyə daxil edilmişdir.

 

Rəy aşağıdakı bölmələrdən ibarətdir:

 

“Ümumi məlumatlar” bölməsində Rəyin hazırlanması zamanı istifadə edilən məlumat mənbələri və metodlar, habelə Rəyin strukturu barədə izahat verilmişdir.

 

I bölmədə hesabat ilində dünya üzrə əsas iqtisadi inkişaf meylləri, inkişaf etmiş və etməkdə olan ölkələr üzrə iqtisadi inkişaf templəri, Azərbaycan iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri təhlil edilmişdir.

 

II bölmədə dövlət büdcəsinin və icmal büdcənin əsas parametrlərinin ümumi təhlili aparılmış, Qanun layihəsinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu, dövlət büdcəsinin gəlir və xərclərinin ümumi icrası vəziyyəti, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilməsi, dövlət borcu, dövlət satınalmaları ilə bağlı, həmçinin, büdcə-vergi siyasətinin prioritet istiqamətləri üzrə icra vəziyyəti və icmal büdcənin parametrləri üzrə aparılmış təhlillər əsasında əldə edilmiş əsas nəticələr verilmişdir.

 

III bölmədə dövlət büdcəsi gəlirlərinin, o cümlədən dövlət büdcəsi gəlirlərinin əsas mənbələr və sektorlar üzrə icra vəziyyəti, gəlirlərin müəyyən edilmiş proqnozlarının vergi və digər gəlir mənbələri, tədiyə və mülkiyyət növləri, habelə bir sıra iri dövlət vergi ödəyiciləri üzrə icra vəziyyəti ətraflı təhlil edilmişdir.

 

IV bölmədə dövlət büdcəsinin xərcləri funksional, iqtisadi və inzibati təsnifat üzrə ayrı-ayrılıqda təhlil edilmiş, il ərzində aparılmış dəyişikliklər, həmçinin dövlət idarəetmə, müdafiə və hüquq-mühafizə orqanlarında, sosialyönümlü sahələrdə, iqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində vəsaitlərdən istifadə vəziyyəti ətraflı araşdırılmışdır. Bu bölmədə dövlət büdcəsinin vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən Hesablama Palatasına təqdim edilmiş sənədlərin, o cümlədən “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün büdcə vəsaitlərindən istifadə barədə hesabat (1№li Əlavə)”ın, “Büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə hesabat (2№li Əlavə)”ın, “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün büdcə vəsaitlərindən istifadəsi üzrə debitor və kreditor borclar barədə hesabat (3№li Əlavə)”ın”ın, həmçinin xəzinədarlıq idarəsi tərəfindən büdcə, büdcədənkənar, depozit və tapşırıqlar, əsaslı vəsait qoyuluşu, ehtiyat fondu üzrə təsdiq edilmiş üzləşmə aktlarının təhlilinə istinad edilmişdir. Təhlillərdə dövlət proqram və tədbirlərinin icrası vəziyyəti, həmçinin büdcədənkənar xərclərin funksional təsnifatının bölmələri və qurumlar üzrə istifadəsi ilə bağlı məsələlər diqqətdə saxlanılmışdır.

 

Eyni zamanda dövlət büdcəsi xərclərinin inzibati təsnifat üzrə icrası ilə bağlı qurumlar tərəfindən müxtəlif funksional bölmələrdən ayrılmış vəsaitlərin istifadəsi vəziyyəti təhlil edilmişdir. Hesabat ilində birdəfəlik təyinatlı xərclərin, həmçinin qurumlar üzrə debitor və kreditor borcların təhlilinə də diqqət yetirilmişdir.

 

V bölmədə dövlət büdcəsinin kəsiri və onun maliyyələşmə mənbələri, kəsirin maliyyələşmə mənbələrindən istifadə vəziyyətinin təhlili həyata keçirilmişdir.

 

VI bölmədə dövlət borcu, o cümlədən daxili və xarici borcla bağlı hesabat ili üçün təqdim edilmiş məlumatlar və dövlət borclanma limitinə riayət edilmə vəziyyəti araşdırılmışdır.

 

VII bölmədə aparılmış təhlillər əsasında bir sıra tövsiyələr əks etdirilmişdir.

 

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi