2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəy

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 6.0.2, 7.0.1, 24.1-ci, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinin tələblərinə, həmçinin “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələri haqqında Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

 

Hesablama Palatasının Rəyinin hazırlanması eyni zamanda ISSAI 1-in (Auditin Təməl Prinsipləri Bəyannaməsi) 2-ci maddəsinin tələblərinə də uyğundur və Standarta  əsasən AAQ tərəfindən ilkin (pre) auditin keçirilməsi hər bir ölkənin hüquqi şəraiti və şərtləri, o cümlədən tələbləri əsasında  müəyyən edilir.

 

Rəyin hazırlanmasında Azərbaycan Respublikasının 2020-2023-cü illər üçün “Büdcə zərfi”nə daxil olan materiallardan, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Dövlət Statistika Komitəsinin, həmçinin Mərkəzi Bankın və Dövlət Neft Fondunun hesabat və statistik məlumatlarından, Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, eləcə də Hesablama Palatasına daxil olan maliyyə və digər hesabatlar əsasında aparılmış təhlillərin nəticələrindən, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilmişdir.

 

Rəyin hazırlanmasında “Büdcə zərfi”nə daxil olan sənəd və materialların, habelə təqdim edilmiş ümumi büdcə layihəsinin büdcə sistemini tənzimləyən qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanması məsələlərinin araşdırılmasına, dövlət büdcəsinin gəlir və xərc parametrlərinin, mövcud makroiqtisadi durumun təhlilinə, ayrı-ayrı dövlət proqramları, həmçinin ortamüddətli perspektiv üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası ilə müəyyən olunmuş məqsədlər və vəzifələr nəzərə alınmaqla növbəti ilin yanvar ayının 1-dən qüvvəyə minən yeni Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının səviyyələri üzrə dövlət büdcəsinin gəlir və xərclərinin, dövlət borcunun strukturunun, büdcə kəsirinin maliyyələşmə mənbələrinin araşdırılması və digər məsələlərə diqqət yetirilmişdir.

 

2020-ci ildən tətbiq ediləcək təsnifatın beynəlxalq standartlara daha uyğun olduğunu və hal-hazırda qüvvədə olan təsnifatla bəzi istiqamətlərdə fərqliliyini nəzərə alaraq müqayisələr müvafiq hallar üzrə aparılmışdır.

 "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi