Sosial təminat və sosial müdafiə - 2020-ci il büdcəsi haqqında Qanun layihəsinə rəy
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinə (Qanun layihəsi)  Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi (Rəy) “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 6.0.2-ci, 7.0.1-ci və 24.1-ci maddələrinə, “Büdəc sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 27.7.-ci maddəsinə  müvafiq olaraq hazırlanmışdır. 
 
Azərbaycan Respublikası Prezidentinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə 2018-ci il 21 dekabr tarixli 424 nömrəli Fərmanı ilə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun adında qeyd edilmiş  “müvafiq icra hakimiyyəti orqanı” kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulmuşdur. Bunu nəzərə alaraq Rəydə Qanun layihəsinin məqsədləri üçün “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (Fond) götürülmüş, Rəyin bölmələrinin adında Qanun layihəsində olduğu kimi istifadə edilməklə, mətndə həmin orqan olaraq Fond nəzərdə tutulmuşdur.
 
Rəydə Qanun layihəsində göstərilmiş məbləğlərin əsaslılığı və nəzərdə tutulan tədbirlərin dövlətin sosial-iqtisadi inkişafının məqsədləri ilə uyğunluğu araşdırılmışdır. 
 
Rəy hazırlanarkən Fondun büdcəsinin 2018-ci il üzrə icra göstəriciləri, 2019-cu ilin proqnoz, gözlənilən icra, həmçinin 2019-cu ilin I yarım ilinin yekunları üzrə icra göstəriciləri ilə müqayisəli təhlillər aparılmış, Rəy “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi ilə birgə təqdim edilmiş məlumat və göstəricilərdən, 2019-cu ilin I yarımili üzrə Fondun statistik məlumatlarından, Hesablama Palatasına təqdim edilmiş hesabatlar və məlumatlardan, Hesablama Palatasının əvvəlki illər üzrə müvafiq rəylərindən və analitik məlumat bazasından, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlardan, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, Hesablama Palatasının Fondun rayon (şəhər) şöbələrində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrindən istifadə edilməklə və müxtəlif təhlillər aparılmaqla hazırlanmışdır. Müqayisəli təhlillər 2018-ci ilin faktiki icra və 2019-cu ilin proqnoz və gözlənilən icra göstəricilərinə nəzərən aparılmış, araşdırmalar həm Fondun gəlirlərinin mənbələr üzrə formalaşması və həm də xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsində mövcud risklərin qiymətləndirilməsi əsasında aparılmışdır. Qeyd edilməlidir ki, Fond tərəfindən təqdim edilmiş məlumatlarda 2019-cu ilin dürüstləşdirilmiş proqnoz və gözlənilən icra göstəriciləri eyni məbləğdə olması göstərilmiş, Rəydə də həmin məbləğlərin eyni olması baxımından yanaşılmışdır.
 
Rəyin hazırlanması zamanı statistik təhlil metodlarından istifadə edilmişdir.
 
Rəy aşağıdakı struktura malikdir:
“Ümumi müddəalar” bölməsində Rəyin hazırlanmasının hüquqi bazası, istifadə edilən məlumat mənbələri və strukturu barədə məlumat verilmişdir. 
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin ümumi xarakteristikası” bölməsində Qanun layihəsinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblər, Qanun layihəsinin strukturu və bir sıra əsas göstəricilər haqqında məlumat verilmiş, Qanun layihəsinin digər müvafiq sənədlər və qanunvericilik aktlarının tələbləri baxımından qiymətləndirilməsi aparılmışdır.
 
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının gəlirləri” bölməsində Fondun mənbələr üzrə gəlirləri, təsiredici faktorlar haqqında məlumat verilmiş, müvafiq müqayisəli təhlillər aparılmışdır.
 
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xərcləri” bölməsində Fondun ayrı-ayrı istiqamətlər üzrə xərclərinin məbləğləri, dinamikası, həmin xərclərin məbləğinə təsir edən faktorların ətraflı təhlili verilmişdir.
 
“Nəticələr və tövsiyələr” adlı bölmədə aparılmış təhlillər və araşdırmalar nəticəsində gəlinmiş nəticələr və həmin nəticələrə müvafiq Hesablama Palatasının tövsiyələri əks etdirilmişdir.