Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəy

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası ilə bağlı 2018-ci illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi (Rəy) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 6.0.2.-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 6.1.-cı bəndinə müvafiq olaraq hazırlanmışdır.

 

Qeyd edilməlidir ki, Qaydaların  6.1. bəndinə əsasən Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat tərtib edilərək Neft Fondunun Müşahidə Şurasına, Azərbaycan Respublikasının Hesablama Palatasına və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verir.

 

Qaydaların 6.2. bəndinə əsasən Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Maliyyə Nazirliyi ilə əlaqələndirilməklə tərtib edilir və hər növbəti ilin aprel ayının 30-dan gec olmayaraq Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir.

 

Hesablama Palatasının rəyində Dövlət Neft Fondunun gəlirlərinin yığılması və ünvanlı istifadəsinin Fondun fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə uyğunluğu araşdırılmışdır.

 

Rəy Dövlət Neft Fondunun 2018-ci və 2017-cı ilin  illik büdcələrinin proqnoz və icra göstəricilərinin müqayisəli təhlilindən, Fondun büdcəsinin icrası ilə bağlı 2018-ci illik hesabatdan, Hesablama  Palatasına təqdim edilmiş məlumatlardan, Hesablama Palatasının müvafiq analitik məlumat bazasından, rəsmi internet səhifələrinin müvafiq məlumatlarından istifadə edilməklə və müxtəlif təhlillər aparılmaqla hazırlanmışdır. Rəy “Ümumi müddəalar”dan, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi və onun icrası barədə ümumi məlumat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə gəlirləri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcə xərcləri adlı bölmələrdən və müvafiq alt-bölmələrdən, həmçinin nəticələr və ayrı-ayrı istiqamətlər üzrə Hesablama Palatasının müvafiq tövsiyyələrindən ibarət olmaqla tərtib edilmişdir.

 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi