2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

2018-ci il üzrə dövlət büdcəsinin proqnozlaşdırılması prosesində ÜDM-in real ifadədə artımı 1,5%, hesabat ilinin 9 ayının yekunlarına görə ilin sonuna gözlənilən real artım tempinin 2,0% səviyyəsində olacağı nəzərdə tutulmuşdur. İlin sonunda əlavə dəyərin real artımı 1,4% təşkil etmişdir ki, bu da gözlənilən artımdan 0,6 faiz bəndi azdır. Fərq, əsasən qeyri-neft ÜDM-dən irəli gəlmişdir. Hesabat ilində ÜDM-in real artımı əsasən qeyri-neft sektorunun hesabına təmin olunmuşdur.

 

Hesabat ilində dövlət büdcəsinin gəlirlərinin üzrə müəyyən edilmiş proqnoz məbləği artıqlaması ilə icra edilmiş, əvvəlki ilə nisbətən dövlət büdcəsi gəlirlərinin artım tempi son 7 ildə ən böyük göstərici olmuş və 2018-ci ildə gəlirlərin ÜDM-ə nisbət göstərici müsbət dinamikaya malik olmuşdur.

 

2018-ci ilin dövlət büdcəsinin gəlirləri üzrə ilkin proqnoz 20127,0 mln. manat nəzərdə tutulmuş, il ərzində dövlət büdcəsinə yenidən baxılaraq bu rəqəm 22149,0 mln. manatadək yüksəldilmişdir. Ötən il üzrə faktiki icra 22508,9 mln. manat olmuşdur. Hesabat ilində faktiki icra proqnozla müqayisədə 1,6%, 2017-ci illə müqayisədə isə 36,3% çox olmuşdur. Qeyd edək ki, dövlət büdcəsinin gəlirlərinin əvvəlki ilə nisbətən artımı 2011-ci ilin 37,7%-lik göstəricisindən sonra son 7 ilin ən böyük artımıdır.

 

Dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (79797,3 mln. manat) nisbəti 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 4,7 faiz bəndi artaraq 28,2% təşkil etmişdir.

 

Hesabat ilində dövlət büdcəsinin xərcləri müəyyən edilmiş proqnozla müqayisədə 98,4% səviyyəsində olmaqla əvvəlki illə müqayisədə son 7 ilin ən böyük artımı ilə icra edilmişdir.

 

Ötən il üzrə büdcə xərcləri ilkin olaraq 20905,7 mln. manat məbləğində proqnozlaşdırılmış, il ərzindən dövlət büdcəsinə yenidən baxılaraq xərclər 23100,0 mln. manat müəyyən edilmiş, 22731,6 mln. manat və ya 98,4% səviyyəsində icra edilmişdir. İcra olunmuş məbləğ 2017-ci illə müqayisədə 29,2% çoxdur. Qeyd edək ki, dövlət büdcəsinin xərclərinin əvvəlki ilə nisbətən artımı son 7 ildə ən böyük artım tempi hesab edilir və sonuncu dəfə daha böyük artım 2011-ci ildə 30,9% müşahidə edilmişdir. Hesabat dövrü üzrə dövlət büdcəsinin xərclərinin ÜDM-ə nisbəti 28,5% təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq göstəricindən 5,0 faiz bəndi çoxdur.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi