2017-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin 16766,0 mln. manat məbləğinədək artırılması nəzərdə tutulmuşdur. Bu məbləğ dövlət büdcəsi gəlirlərinin qüvvədə olan müvafiq qanunla müəyyən edilmiş proqnozu ilə müqayisədə 511,0 mln. manat və ya 3,1% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə faiz nisbətinin dürüstləşmiş büdcə üzrə 25,2% olması gözlənilir.

 

Dövlət büdcəsinin gəlirlərində neft komponentlərinin həcminin 7940,0 mln. manat təşkil etməsi nəzərdə tutulur. Bu, cəmi gəlirlərin 47,4%-ni təşkil etməklə təsdiq edilmiş büdcə göstəriciləri ilə müqayisədə 1,4 faiz bəndi azdır.

 

Dövlət büdcəsinin gəlirləri üzrə 511,0 mln. manat məbləğində artımın 135,0 mln. manatının və ya 26,4%-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 50,0 mln. manatının və ya 9,8%-nin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə təmin olunan daxilolmaların, 76,0 mln. manatının və ya 14,9%-nin büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların hesabına təmin olunması nəzərdə tutulmuşdur. Eləcə də ilk dəfə olaraq dövlət büdcəsinin gəlirlərində Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250,0 mln. manat və ya artım məbləğinin 48,9%-i səviyyəsində  vəsait proqnozlaşdırılmışdır.

 

Qanun layihəsinə əsasən dövlət büdcəsinin xərcləri 17 941,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 1041,0 mln. manat və ya 6,2%, 2016-cı ilin faktiki icra göstəricisinə nisbətən isə 189,7 mln. manat və ya 1,1% çoxdur.

 

Dövlət büdcəsinin funksional təsnifat üzrə təhlili göstərir ki, ilkin təsdiq edilmiş  dövlət büdcəsi ilə müqayisədə yenidən baxılan büdcə layihəsində 8 bölmə üzrə artım nəzərdə tutulmuş, ən çox artım isə “İqtisadi fəaliyyət” bölməsi üzrə (4,1 dəfə) olmuşdur.

 

Dövlət büdcəsinin gəlirlərinin 511,0 mln. manat, xərclərinin isə 1041,0 mln. manat artımla nəzərdə tutulması dövlət büdcəsi kəsirinin təsdiq olunmuş yuxarı həddinin 645,0 mln. manata qarşı 530,0 mln. manat və ya 82,2% artaraq 1175,0 min manat səviyyəsində proqnozlaşdırılması ilə nəticələnmişdir.

 

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi