2017-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Dünya Bankı tərəfindən cari ilin iyun ayında dərc edilən “Qlobal iqtisadi perspektivlər” adlı nəşrdə Azərbaycanda qarşıdakı ildə ÜDM-in real artım tempinin 0,7%, 2018-ci ildə isə 1,3% təşkil edəcəyi proqnozlaşdırılmışdır. Sentyabr ayında Beynəlxalq Valyuta Fondunun Azərbaycan iqtisadiyyatı ilə bağlı dərc etdiyi məlumatlarda cari ildə real artım tempinin (-2,4%) təşkil edəcəyi, 2017-ci ildə 1,4%, 2018-ci ildə isə 2,3%-dək yüksələcəyi göstərilmiş, nominal ÜDM-in həcminin 2016-cı ildə 55314 mln. manat təşkil edəcəyi də qeyd edilmişdir.

 

 “Büdcə zərfi”nə daxil olan məlumatlarda cari ildə real artım tempi -2,8%, 2017-ci ildə ÜDM-in real artım tempi 1,0%, o cümlədən, neft sektoru üzrə -2,1%, qeyri-neft sektoru üzrə 2,5 % səviyyəsində proqnozlaşdırılmışdır.

 

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 15955,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

 

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16600,0 mln. manat məbləğində olmaqla 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1184,5 mln. manat və ya 6,7%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 1895,0 mln. manat və ya 10,2%, gözlənilən icra göstəricisi ilə isə 412,8 mln. manat və ya 2,4% az proqnozlaşdırılmışdır.

 

Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 27,0% olması proqnozlaşdırılmışdır ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5,0 faiz bəndi azdır. 

 

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi