2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda əvvəlki ilə nisbətən 2015-ci ildə Azərbaycan iqtisadiyyatının real artım tempi, Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, 1,1% səviyyəsində olmuşdur. Hesabat ilində dünyada gedən iqtisadi proseslər, o cümlədən, neftin qiymətinin kəskin şəkildə azalması ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdir.  2015-ci ildə əsas makrogöstərici olan ÜDM 54352,1 mln. manat, neft sektoru üzrə azalma 6160,0 mln. manat, qeyri-neft sektoru üzrə artım 37670,0 mln. manat təşkil etmişdir.

 

2015-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatlara görə,  dövlət büdcəsinin gəlirləri hesabat ilində proqnoza qarşı 90,0% səviyyəsində icra edilməklə 17497964,7 min manat məbləğində olmuşdur ki, bu isə ÜDM-ə nisbətdə 32,2% deməkdir.

 

2015-ci ilin dövlət büdcəsinin xərcləri 21100,0 mln. manata qarşı 17784,5 mln. manat məbləğində (84,3% səviyyəsində) və ya 3315,5 mln. manat az icra edilmişdir ki, bu da 2014-cü illə müqayisədə 924,5 mln. manat və 4,9% azdır. Dövlət büdcəsi xərclərinin ÜDM-ə faiz nisbəti 32,7% təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən 1,0 faiz bəndi çoxdur.

 

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 1662,0 mln. manat məbləğində təsdiq edilmiş, hesabat məlumatlarına əsasən ilin sonunda dövlət büdcəsi kəsirlə (defisit) icra olunmuş və onun məbləği yuxarı hədd ilə müqayisədə 5,8 dəfə az olaraq 286,5 mln. manat (2014-cü illə müqayisədə 21,9 mln. manat az) təşkil etmişdir.

 

Əlaqəli fay(-lar):

 

  “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi