2016-cı il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

 

Son illərdə dünyada baş vermiş qlobal iqtisadi böhran hələ də tam aradan qaldırılmamış, ayrı-ayrı ölkələr üzrə qeyri-bərabər artım templəri müşahidə olunmuş, eləcə də, dünya iqtisadiyyatında iqtisadi artım üzrə proqnozlar azaldılmış və yenidən baxılmışdır.

 

Ötən ildə dünya enerji daşıyıcıları bazarlarında qiymətlər kəskin şəkildə aşağı düşmüş, inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafının zəifləməsi, maliyyə bazarlarında qeyri müəyyənliyin artması və sair bu kimi amillər, həmçinin, 2015-ci ilin dekabr ayının 21-də Azərbaycan Respublikası Mərkəzi Bankının keçirdiyi manatın devalvasiyası 2016-cı il dövlət və icmal büdcələrinin makroiqtisadi şəraitə uyğunlaşdırılmasını və yenidən baxılmasını şərtləndirmişdir.

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirləri 16822,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 2256,0 mln. manat və ya 15,5% çox, 2015-ci ilin faktiki icra göstəricisinə nisbətən isə 331,2 mln. manat və ya 1,9% azdır.

 

Qanun layihəsinə əsasən dövlət büdcəsinin xərcləri isə 18495,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 2231,0 mln. manat və ya 13,7%, 2015-ci ilin faktiki icra göstəricisinə nisbətən isə 708,2 mln. manat və ya 4,0% çoxdur.

 

Yenidən baxılmış dövlət büdcəsinin kəsiri ilkin göstəricisinə nisbətən 25,0 mln. manat az olmaqla 1673,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur.

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi