2016-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

“Büdcə zərfi”nə daxil olan məlumatlara əsasən 2016-cı ildə ÜDM-in həcmi 57 735,1 mln. manat həcmində, real artım tempi isə 1,8% nisbətində proqnozlaşdırılmışdır. Rəyə təqdim edilmiş məlumatların təhlili qeyri-neft sektoru üzrə real artım templərinin əvvəlki dövrlərlə müqayisədə azalması fonunda ÜDM-də payının artacağının proqnozlaşdırıldığını, ÜDM-in sahə strukturunda isə bir neçə sahə üzrə əlavə dəyərin həcminin artacağını göstərir. Bu sahələr arasında əhalinin böyük hissəsinin məşğul olduğu aqrar sektorda real artım tempi 5,5% (2014-cü ildə (-2,6%) azalma) nəzərdə tutulmuşdur. ÜDM-in sahə strukturu üzrə təhlili neft-qaz sənayesi üzrə artım templərinin zəiflədiyini və ilbəil neft sektorunun payının ÜDM-də azaldığını göstərir.

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 14566,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2014-cü ilin icra göstəricisi ilə müqayisədə 3834,6 mln. manat və ya 20,8% az, 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə  4872,0 mln. manat və ya 25,1% az, cari ilin sonuna gözlənilən icra ilə müqayisədə 2514,0 mln. manat və ya 14,7% azdır. 

 

Qanun layihəsində dövlət büdcəsinin xərcləri 16264,0 mln. manat məbləğində olmaqla 2014-cü ilin icra göstəricisi ilə müqayisədə  2445,0  mln. manat və ya 13,1%, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4836,0 mln. manat və ya 22,9%, ilin sonuna gözlənilən icra ilə müqayisədə isə 1466,0 mln. manat və ya 8,3% az proqnozlaşdırılmışdır. Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 28,2% olması proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,1 faiz bəndi azdır.

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi