2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Hesabat ilində ölkə üzrə ÜDM-in həcmi 59,0 mlrd. manat, real artım tempi 2,8% təşkil etmişdir. Asiya İnkişaf Bankı tərəfindən hazırlanan “Asiya İnkişaf İcmalı-2015” hesabatında Azərbaycan Asiya ölkələri arasında 2000-2014-cü illərdə orta (real) artım tempinin yüksək göstəricisi üzrə ilk 10 ölkə sırasında yer almışdır. MDB (və Gürcüstan) üzrə də respublikamız ilk yerlərdə qərarlaşmışdır. Makroiqtisadi müstəvidə ÜDM-in xərclər metodu üzrə təhlili xüsusi əhəmiyyət kəsb edir. Ötən ildə faktiki son istehlak xərcləri 2013-cü illə müqayisədə 11,0% artmışdır. Əsas artım ev təsərrüfatlarının son istehlak xərcləri hesabına olmuşdur ki, bu da daha çox nominal pul gəlirlərinin artması ilə bağlıdır.

 

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18384000,0 min manat proqnoza qarşı 18400565,2 min manat məbləğində icra edilmişdir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 16565,2 min manat və ya 0,1% çoxdur. Dövlət büdcəsinin gəlirləri hesabat ilində 18400,6 mln. manat təşkil etməklə 2012-2013-cü illərin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1119,1 mln. manat və ya 6,5% çox, 1095,8 mln. manat və ya 5,6% az olmuşdur. 2014-cü ildə büdcə gəlirlərinin ÜDM-ə faiz nisbəti 31,2% təşkil etmişdir ki, bu da 2012-2013-cü illərlə müqayisədə 0,4 və 2,3 faiz bəndi azdır.

 

2014-cü ilin dövlət büdcəsinin xərcləri 20063,0 mln. manata qarşı 18709,0 mln. manat məbləğində (93,3% səviyyəsində) və ya 1354,0 mln. manat az icra edilmişdir ki, bu da 2013-cü illə müqayisədə 434,5 mln. manat və 2,3% azdır. Dövlət büdcəsi xərclərinin ÜDM-ə faiz nisbəti 31,7% təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq göstəricisindən 1,2 faiz bəndi azdır.

 

2014-cü ildə dövlət büdcəsinin ümumi xərclərinin 55,1%-i ilin birinci yarısında, 44,9%-i isə ikinci yarımillikdə həyata keçirilmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, ümumi büdcə xərclərinin 32,2%-i hesabat ilinin sonuncu rübündə icra edilmişdir. 

 

Əlaqəli fay(-lar):

 

 “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi