2015-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

 

2015-ci ildə ÜDM-in həcmi 59,8 mlrd. manat, real artım tempi isə 104,4% səviyyəsində proqnozlaşdırılmışdır. Neft sektorunun payı ötən illərdə olduğu kimi azalma ilə proqnozlaşdırılmış və qarşıdakı ildə bu nisbətin 34,0% olması gözlənilir. Qeyri-neft sektoru üzrə proqnozlaşdırılan ÜDM-in həcmi 39,5 mlrd.manat təşkil edir ki, bunun da 33,8 mlrd. manatı və ya 85,6%-i tikinti, sosial və digər sahələrin payına düşür.

 

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin gəlirləri 19438,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2013-cü ilin icra göstəricisi ilə müqayisədə 58,3 mln. manat və ya 0,3% az, 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə isə 1054,0 mln. manat və ya 5,7% çoxdur.

 

Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbəti 32,5% təşkil edir ki, bu da 2013-cü ilin icra göstəricisindən 1,3 faiz bəndi az, 2014-cü ilin müvafiq göstəricisindən isə 1,1 faiz bəndi çoxdur. Qeyd edək ki, 2016-2018-ci illərdə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbəti müvafiq olaraq 30,7%, 29,1% və 27,3% nəzərdə tutulmuşdur ki, bu da ÜDM-in artım tempinin gəlirlərin artım tempini üstələməsi ilə əlaqədardır .

 

Qanun layihəsində dövlət büdcəsinin xərcləri 21100,0 mln. manat məbləğində olmaqla 2013-cü ilin icra göstəricisi ilə müqayisədə  1956,5  mln. manat və ya 10,2%, 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə isə 1037,0 mln. manat və ya 5,2% çox proqnozlaşdırılmışdır.

 

2015-ci il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisinin 35,3% olması proqnozlaşdırılmışdır. Respublikamızın ildən-ilə iqtisadi inkişafı, həyata keçirilən genişmiqyaslı iqtisadi layihələr, ümumiyyətlə, inkişaf etməkdə olan ölkələr sırasında olması büdcə xərclərini artımını şərtləndirir və bu xərclərin ÜDM-ə nisbətinin yüksək olması iqtisadi inkişafın davamlılığının təmin edilməsində dövlət büdcəsinin rolunun artırılması kimi qəbul olunmalıdır.  

 

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi