2013-cü il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

 

Ölkəmizdə Ümumi Daxili Məhsulun həcmi 2013-cü ildə 57,7 milyard manata (73,6 milyard ABŞ dolları) çatmışdır. ÜDM-in 46,3%-i sənaye sahələrində, 11,8%-i tikinti kompleksində, 5,3%-i kənd təsərrüfatında, 4,8%-i nəqliyyatda, 8,9%-i ticarət və pullu xidmət sahələrində, 1,8%-i rabitədə, 14,7%-i sosial və digər xidmətlərdə istehsal olunmuş, 6,4%-i isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Ümumiyyətlə, ÜDM nominal ifadədə son 10 ildə 9,4 dəfə artmışdır ki, bu da MDB dövlətləri arasında ən yüksək göstəricidir. Adambaşına düşən ÜDM-in həcmi 6207,3 manat və ya 7912,5 ABŞ dolları təşkil etmiş, qeyri-neft sektoru üzrə artım 10,0%-ə bərabər olmuşdur.

 

2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19159,0 mln. manat proqnoza qarşı 337,3 mln. manat və ya 1,8% çox olmaqla 19496,3 mln. manat təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 2214,8 mln. manat və ya 12,8% çoxdur. Əgər 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin məbləği 1220,0 milyon manat təşkil edirdisə, ötən ilin yekunlarına görə bu göstərici 19496,3 milyon manata bərabər olmaqla dövlət büdcəsinin gəlirləri son 10 ildə 16 dəfə artmışdır. 2013-cü ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik əldə etdiyi dövr üzrə ən böyük (25 milyard ABŞ dolları) büdcəsidir.

 

Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri də əvvəlki illə müqayisədə 2013-cü ildə 1727,0 mln. manat və ya 9,9% çox icra edilmiş, başqa sözlə 19850,0 mln. manat təyinata qarşı icra 19143,5 mln. manat və ya 96,4% təşkil etmişdir. 2003-cü ildə büdcə xərcləri 1234,0 mln manat təşkil edirdisə, 2013-cü ildə dövlət büdcəsinin xərcləri 15,5 dəfə artmışdır. 2013-cü ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti əvvəlki illə müqayisədə 1,8 faiz bəndi çox olmaqla 33,8%, xərclərin xüsusi çəkisi isə 0,9 faiz bəndi çox olmaqla 33,2% təşkil etmişdir.

 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi