2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

 

Hesabat ilində ümumi iqtisadi artım tempi 2011-ci ilə nisbətən 2,1 faiz bəndi təşkil etmiş və əsasən qeyri-neft sektorunun daha sürətli inkişafı hesabına ÜDM istehsalı üzrə artım 2,2% olmuşdur. Neft hasilatının azalması və ümumi sənaye istehsalının həcmini aşağı olması səbəbindən artım səviyyəsinin digər ölkələrlə müqayisədə aşağı olmasına baxmayaraq, bu artım böhran illəri üçün məqbul göstərici olmaqla yanaşı, artma tempinin yüksək olması baxımından uğurlu nəticə kimi qəbul edilə bilər. Hesabat ilində ölkəmizdə istehsal olunan ÜDM-in həcmi 53995,0 mln. manat olmuş, onun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 2011-ci illə müqayisədə 4,4 faiz bəndi artaraq 52,7% təşkil etmişdir.

 

2012-ci ildə dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri üzrə 17038,0 mln. manat proqnoza qarşı icra 243,5 mln. manat çox olmaqla 17281,5 mln. manat və ya 101,4% təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 1580,8 mln. manat və ya 10,1% çoxdur. Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri də əvvəlki illə müqayisədə 2012-ci ildə 2019,0 mln. manat və ya 13,1% çox icra edilmiş, başqa sözlə 17672,0 mln. manat proqnoza qarşı icra 17416,5 mln. manat və ya 98,6% təşkil etmişdir. 2012-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi əvvəlki illə müqayisədə 1,9 faiz bəndi çox olmaqla 32,0%, xərclərin xüsusi çəkisi isə 2,7 faiz bəndi çox olmaqla 32,3% olmuşdur.

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi