2013-cü il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Azərbaycan Respublikasının 2013-cü il və gələn üç il üzrə proqnoz göstəricilərində cari ilin sonuna ÜDM istehsalında gözlənilən 2,2%-lik artımın 2011-ci ildəki 0,1%-lik artımla müqayisədə 2,1 faiz bəndi çox olması, 2013-cü ildə bu artımın 5,3% səviyyəsində nəzərdə tutulmaqla daha çox olması, həmçinin 2014-2016-cı illərdə ÜDM-in artımının 4,5%-7,0% həddində olacağı nəzərdə tutulur ki, bu da ölkə iqtisadiyyatında dinamik inkişaf meylinin güclənəcəyini göstərməklə yanaşı, ortamüddətli dövr üçün nəzərdə tutulmuş strateji məqsəd və vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir.

 

2012-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə dövlət büdcəsinin gəlirləri 2116,0 mln. manat və ya 12,4% artırılmaqla 19154,0 mln. manat, xərcləri isə 2138,0 mln. manat və ya 12,1% artırılmaqla 19810,0 mln. manat səviyyəsində nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin gəlir və xərclərinin əhəmiyyətli dərəcədə artırılması və ilk dəfə olaraq bu parametrlərin 25,0 mlrd. ABŞ dollarından çox olması, fiskal siyasətin ümumi iqtisadiyyata dəstəyi kimi qəbul edilməlidir. Proqnoz göstəriciləri üzrə dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-dəki xüsusi çəkilərinin son illərdə yüksək səviyyədə proqnozlaşdırılması ənənəsi növbəti ilin büdcə layihəsində də gözlənilmiş, müvafiq olaraq gəlir və xərclər üzrə xüsusi çəkilərin 34,2% və 35,3% olması nəzərdə tutulmuşdur ki, bu da cari ilin gözlənilən icra göstəricilərindən müvafiq olaraq 1,5 faiz bəndi və 1,0 faiz bəndi çoxdur.

 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi