2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi

 

Ümumi iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ÜDM istehsalı hesabat ilində 2011-ci ilin “Büdcə zərfi”nə daxil olan “Azərbaycan Respublikasının 2011-2014-cü illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə nəzərdə tutulmuş 40197,3 mln. manat proqnoza qarşı 50069,0 mln. manat həcmində olmuşdur. İqtisadiyyatın qeyri-neft sektoru 9,4% və qeyri-neft sənayesi 11,1% artmış, həmçinin qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 48,3% təşkil etmişdir, başqa sözlə karbohidrogen ehtiyatları hesabına daxil olan maliyyə resurslarından düzgün istifadə hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

 

Ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunub saxlanılması, bir sıra göstəricilər üzrə əhəmiyyətli nəticələrin əldə olunması dövlət büdcəsinin gəlir və xərc parametrlərinin də əvvəlki illərlə müqayisədə artıq yerinə yetirilməsinə imkan vermişdir.

 

Ötən ildə dövlət büdcəsinin gəlirləri 15554,2 mln. manat proqnoza qarşı 15700,7 mln. manat və ya 100,9% icra olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 4297,7 mln. manat və ya 37,7% çoxdur. Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri 2011-ci ildə əvvəlki illə müqayisədə 3631,6 mln. manat və ya 30,9% çox icra edilmiş, başqa sözlə 15941,2 mln. manat proqnoza qarşı icra 15397,5 mln. manat və ya 96,6% təşkil etmişdir. 2011-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 31,4%, xərcləri isə 30,8% olmuşdur.

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi