2012-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

2011-ci ilin sonuna ÜDM istehsalında gözlənilən 0,9%-lik artımın 2010-cu ildəki 5,0%-lik artımla müqayisədə 4,1 faiz bəndi az olmasına baxmayaraq, növbəti ildə 5,7% real artımın əldə olunması nəzərdə tutulur ki, bu da müvafiq olaraq 2010 və 2011-ci illərlə müqayisədə 0,7 və 4,8 faiz bəndi çox olacaqdır, başqa sözlə ölkənin iqtisadi inkişafında dayanıqlılıq vəziyyəti qorunub saxlanacaqdır. 2013-2015-ci illərdə də ÜDM-in real artım tempi yüksək səviyyədə nəzərdə tutulmuşdur ki, bu da ölkəmizin oturuşmuş iqtisadiyyata malik olduğunu bir daha göstərməklə yanaşı, ortamüddətli dövr üçün nəzərdə tutulmuş strateji məqsədlərin yerinə yetirilməsinin təminatçısı kimi çıxış edir.

 

2011-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə dövlət büdcəsinin gəlirləri 882,2 mln. manat və ya 5,7% artırılmaqla 16436,4 mln. manat, xərcləri isə 1043,2 mln. manat və ya 6,5% artırılmaqla 16984,4 mln. manat nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin gəlir və xərclərində nəzərdə tutulan artımların ümumi iqtisadi artım səviyyəsində və ya ondan çox proqnozlaşdırılması makroiqtisadi siyasətin iqtisadi artıma dəstəyi kimi dəyərləndirilə bilər. Hazırda dünya ölkələrində fiskal siyasətin daha çox iqtisadi artımda geriləmə riskinin aradan qaldırılması üçün yönəldilməsinə üstünlük verildiyi halda, ölkəmizdə bu siyasətdən iqtisadi artıma dəstək mexanizmi kimi istifadə olunur ki, bu da dövlət büdcəsinin gəlir və xərc parametrlərinin nəzərdə tutulan həcmdə yerinə yetirilməsinə imkan verməklə yanaşı, əsas iqtisadi tənzimləmə mexanizmlərindən biri kimi büdcənin rolunu daha da artırır.  

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi