2011-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

 

Qanun layihəsində dövlət büdcəsi gəlirlərinin proqnozu 15554,2 mln. manat həcmində müəyyən edilmişdir ki, bu da təsdiq edilmiş ilkin proqnoza nisbətən 3493,2 mln. manat və ya 29,0%, 2010-cu ilin faktiki göstəricisi ilə müqayisədə isə 4151,2  mln. manat və ya 36,4% çoxdur. Dövlət büdcəsi gəlirlərinin artımının bir sıra mənbələr üzrə daxilolmaların, o cümlədən fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, əlavə dəyər vergisi (o cümlədən Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi), gömrük rüsumları, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən ödənişlər, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar, vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar və Dövlət Neft Fondundan transfertin məbləğinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur.

 

Qanun layihəsinə əsasən dövlət büdcəsinin xərcləri 15941,2 mln. manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da ilkin proqnoza nisbətən 3193,2 mln. manat və ya 25,0% çoxdur. Əsas artımlar “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində (2484279,4 min manat və ya 73,1%), “Sosial müdafiə və sosial təminat” bölməsində (287754,8 min manat və ya 21,7%), “Mənzil və kommunal təsərrüfatı” bölməsində (89611,3 min manat və ya 39,4%) nəzərdə tutulmuşdur.

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi