2011-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy

 

“Büdcə zərfi”nə daxil olan 2011-2014-cu illər üzrə Azərbaycan Respublikasının əsas makroiqtisadi proqnoz göstəriciləri üzrə müsbət meyl nəinki 2010-cu ildə, həm də növbəti illərdə də təmin olunacaqdır. 2009-cu ildə 9,3%-lik artım səviyyəsinin əldə olunmasına, başqa sözlə çox böyük müqayisə bazasına baxmayaraq, cari ilin sonuna 5,8%, növbəti ildə isə 3,8% real artımın əldə olunacağı gözlənilir ki, bu da ölkəmizin oturuşmuş iqtisadiyyata malik olduğunu bir daha göstərir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin yüksək səviyyədə saxlanılmasının proqnozlaşdırılması ölkənin sosial-iqtisadi inkişafı üzrə nəzərdə tutulmuş strateji məqsədlərin yerinə yetiriləcəyinə təminat verir. ÜDM istehsalının mütləq əksəriyyətinin özəl bölmənin payına düşməsi və bu payın 81,0%-84,5% civarında qərarlaşması ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi mühitin formalaşdığını göstərir.

 

2010-cu ildə neftin dünya bazarlarında satış qiymətinin 70,0-80,0 ABŞ dolları ətrafında qərarlaşması gəlirlər üzrə gözlənilən icranın proqnoz həcmində olacağına şərait yaradır. Bu isə növbəti ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 556,0 mln. manat və ya 4,8% artırılmaqla 12061,0 mln. manat həcmində müəyyənləşdirilməsinin əsaslı olduğunu göstərir.

 

Proqnoz üzrə büdcənin tərtibinə ehtiyatlı yanaşma nəticəsində 2010-cu ildə dövlət büdcəsi xərclərinin həcmi 2009-cu illə müqayisədə 79,7 mln. manat və ya 0,6% azalmışdısa, ölkəmizdə formalaşmış yeni iqtisadi duruma uyğun olaraq növbəti ildə 2010-cu ilə nisbətən büdcə xərclərinin həcmi 472,7 mln. manat və ya 3,9% çox nəzərdə tutulmuşdur.

 

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy