2010-cu il dövlət büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy

 

Ölkə iqtisadiyyatının real vəziyyətini xarakterizə edən ÜDM-in gözlənilən artım səviyyəsinin 2009-cu ilin sonuna 2008-ci ilə nisbətən təqribən 2,1 faiz bəndi, növbəti ilə ÜDM-in artım səviyyəsinin 2009-cu ilin gözlənilən icra səviyyəsi ilə müqayisədə 6,1 faiz bəndi aşağı proqnozlaşdırılmasına baxmayaraq, Azərbaycanda qərarlaşmış iqtisadi artımın səviyyəsi dünya iqtisadiyyatında hazırda mövcud olan, habelə ilin sonuna gözlənilən və növbəti ilə nəzərdə tutulan artım sürətindən əhəmiyyətli dərəcədə çoxdur. İqtisadi artımın 2010-cu ilə 6,8% səviyyəsində proqnozlaşdırılması gələcəkdə davamlı iqtisadi inkişafa zəmin yaradacaq amil kimi dəyərləndirilməlidir.

 

Proqnoz üzrə 2009-cu ildə dövlət büdcəsi xərclərinin həcmi 2008-ci illə müqayisədə 1294,4 mln. manat və ya 11,7% artmışdısa, ehtiyatlı yanaşma nəticəsində 2010-cu ildə 2009-cu ilə nisbətən büdcə xərclərinin həcmi 1091,0 mln. manat və ya 8,8% az nəzərdə tutulmuşdur. Əvvəlki illə müqayisədə növbəti ilin büdcə layihəsində sosialyönümlü xərclərin, müdafiə və hüquq-mühafizə xərclərinin, habelə iqtisadi xidmətin bir sıra sahələrində (o cümlədən, kənd təsərrüfatı, mənzil-kommunal) xərclərin həm ÜDM-dəki, həm də ümumi büdcə xərclərindəki xüsusi çəkilərinin artma dinamikasının saxlanılması növbəti ilin büdcə layihəsinin xarakteri barədə dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi və növbəti illərdə də büdcənin sosialyönümlülüyünün təmin edilməsi üçün müvafiq bazanın formalaşdırıldığını göstərir.      

 

Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirləri növbəti il üçün nəzərdə tutulan ÜDM-in həcminin 31,5%-ni təşkil etməklə 10015000,0 min manat, o cümlədən, qeyri-neft sektoru üzrə daxilolmalar 3570000,0 min manat məbləğində (ÜDM-in həcmində xüsusi çəkisi 11,4%, dövlət büdcəsi gəlirlərinin tərkibində 35,6%) proqnozlaşdırılmışdır. Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş proqnoz 2009-cu ilin proqnoz göstəricisindən 2162000,0 min manat və ya 17,8% az, 2008-ci ilin proqnozundan 469000,0 min manat və ya 4,5%, icrasından 747672,0 min manat və ya 6,9% az, 2007-ci ilin analoji göstəricilərindən isə müvafiq olaraq 4244100,0 min manat və ya 73,5%, 4008398,1 min manat və ya 66,7% çoxdur.

 

“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy