Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin gəlirləri 1775547,4 min manat proqnozlaşdırılmışdır ki, bu da 2008-ci ilin dürüstləşmiş proqnozuna nisbətən 370032,4 min manat və ya 26,3% çoxdur. 2007-2009-cu illər üçün DSMF-nin gəlirlərini ÜDM və icmal büdcənin gəlirlərinə nisbətinin dinamikasını müqayisə etsək, görərik ki, ÜDM-də bu göstəricinin xüsusi çəkisi baxdığımız dövr ərzində mütəmadi olaraq artmışdır ki, bu da  əhalinin məşğulluq və əmək haqları səviyyəsinin ildən-ilə artmasının və məcburi dövlət sosial sığortası fəaliyyətinin genişlənməsinin daha bir sübutudur.

 

Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il üçün büdcəsinin xərcləri 1775547,4 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2008-ci illə müqayisədə 26,3% və ya 370032,0 min manat çoxdur. Xərc maddələri üzrə təhlil göstərir ki, ümumi xərclərin 96,1%-i, yəni 1707475,0 min manatı əhaliyə ödənişlərin həyata keçirilməsinə yönəldiləcək. Bu, 2008-ci illə müqayisədə 358961,5 min manat və ya 26,6% çoxdur. 2009-cu il üçün artım göstəricisinin 2008-ci il üçün müvafiq göstərici ilə müqayisəsi artım tempinin aşağı düşdüyünü göstərir. Bununla belə, xüsusi çəki göstəricisinin 2008-ci ilə (2008-ci ildə 95,9%) nisbətən artımı yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən əməli tədbirlər kimi qiymətləndirilməlidir.