Hesablama Palatasının əməkdaşları telekonfrans formatında beynəlxalq seminarda iştirak edib
Əlavə olunub: 2020-06-10

09 iyun 2020-ci il tarixində Hesablama Palatasının əməkdaşları Zaur Vəliyev, Sənan Ağakişiyev və Nərminə İsayeva ECOSAI-ın təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin Auditi” mövzusunda onlayn seminarda iştirak etmişlər. Seminarda Türkiyə, Əfqanıstan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan AAQ-larının nümayəndələri ilə yanaşı, müşahidəçi qismində Belarus, Qətər və Fələstin AAQ-larının nümayəndələri də iştirak etmişdir. Onlayn seminar ECOSAI Prezidenti olan Qazaxıstan AAQ-ının texniki bazası hesabına təşkil edilmişdir.

 

Daha sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Şandana Nauman Xan Milli Məlumat Bazası və Qeydiyyat Təşkilatı (NADRA) layihəsi barədə məlumat vermiş, onun məqsəd və nəticələrindən bəhs etmişdir. Eyni zamanda, Pakistanın 2025-ci ilə baxışı  barədə məlumat verən xanım Şandana Nauman Xan onun DİM-in təbii nəticəsi olduğunu nəzərə çatdırmış və çıxışında dünyada mövcud olan COVID-19 pandemiyasının Pakistana göstərdiyi təsirlərə toxunmuşdur.

 

Daha sonra Türkiyə Hesablama Məhkəməsinin nümayəndəsi Mesut Ünal DİM barədə qısa məlumat verdikdən sonra, 2016-cı ildə qəbul edilmiş Əbu-Dabi bəyannaməsinin əhəmiyyətini qeyd etmiş, o cümlədən INTOSAI-ın 2017-2022-ci illər üzrə Strateji Məqsədləri, Dayanıqlı İnkişaf üzrə vacib tarixlər, Türkiyə təcrübəsində DİM barədə çıxış edərək Türkiyənin özünün 5 illik inkişaf planının olduğunu vurğulamışdır.

 

Türkiyə Hesablama Məhkəməsini təmsil edən Necip Bilgin növbəti təqdimat zamanı Əbu-Dabi və Moskva bəyannamələri, DİM və INTOSAI barədə məlumat vermiş, yeni hazırlanmış IDI təlimatının əhəmiyyətindən bəhs etmişdir.

 

Qazaxıstan AAQ-ının nümayəndəsi Lyailim Kaşimova öz təqdimatı zamanı Qazaxıstan AAQ-ının DİM auditi sahəsində təcrübəsini paylaşaraq 25 Milli İnkişaf Məqsədlərinin olduğunu bildirmişdir. O, çıxışı zamanı Dayanıqlı İnkişaf Məqsədlərinin ayrıca auditinin keçirilməməsi barədə məlumat vermiş, keçirilən auditlərdə bu məsələlərə toxunulmasını və bu sahədə 2019-2020-ci illər üzrə dövlət proqramının tətbiq edilməsini qeyd etmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi Sənan Ağakişiyev Palatanın fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra, yeni yaradılmış səmərəlilik auditi sektorunun fəaliyyət istiqamətləri, yoxsulluğun aradan qaldırılması üçün görülən özünü məşğulluq tədbirlərinin nəticəliliyinin qiymətləndirilməsi sahəsində əldə olunan nəticələr, qəbul edilmiş qanun barədə məlumat vermişdir.

 

Seminar qarşılıqlı müzakirələrlə yekunlaşmışdır.