Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2020-06-10

Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutmuşdur. İclasda bir neçə məsələ müzakirə edilmişdir.

 

İlk olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) büdcəsinin 2019-cu  ildə icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə olunmuşdur.  Kollegiya tərəfindən DNF-nin  2019-cu il büdcəsinin icrası barədə illik hesabatın layihəsi  məqbul hesab edilərək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Azərbaycan Respublikasının Dövlət Neft Fonduna göndərilməsi qərara alınmışdır.

 

İclasda 2020-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilmiş, pandemiya şəraitinin təsirləri qiymətləndirilmiş və cari ilin İş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

 

Kollegiya, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə etmişdir. Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar olunmuş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.