Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və illik hesabata dair çıxışı
Əlavə olunub: 2020-06-05

Hörmətli sədr! Hörmətli millət vəkilləri!  Hörmətli hökumət üzvləri və qonaqlar!

 

2019-cu il üçün dövlət büdcəsinin icra edildiyi dövr siyasi,  iqtisadi və ictimai proseslərlə zəngin olmuşdur. Dövlət büdcəsinin icra olunacağı period üçün proqnozlaşdırılmış makroparamertlər faktiki olaraq fərqli meyillər nümayiş etdirsə də, ümumilikdə dövlətimiz üçün 2019-cu ili uğurlu il hesab etməliyik. Cənab Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticələri ölkəmizin beynəlxalq reytinq hesabatlarında mövqeyinin daha da yaxşılaşmasına zəmin yaratmışdır.

 

İlk olaraq rəy barədə bildirim ki, yaşadığımız xüsusi rejim şəraitində rəy tələb olunan qaydada və vaxtda təqdim edilmişdir. Rəyin ilk iki bölməsi millət vəkillərinə, hər bir oxucuya ümumi şəkildə əsas nəticələrlə tanış olmaq imkanı verir və diqqət çəkən məqamlarla bağlı daha geniş məlumatın əldə edilməsi üçün növbəti bölmələrə müraciət etmək olar.

 

Məndən əvvəl 2019-cu ilin dövlət büdcəsinin əsas parametrləri, gəlir mənbələri və tədiyyələri, xərc istiqamətləri barədə geniş məlumat təqdim edilmişdir. Hesablama Palatasının Rəyi 4 əsas istiqamət üzrə qiymətləndirmələrə və bu qiymətləndirmələr nəticəsində əldə olunan təkliflərə əsaslanır.

 

Birinci istiqamət - təqdim olunan sənədlərin normativ-hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi

 

Hesabat ili ərzində dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar Hesablama Palatasına “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 20 ci   maddələrinə uyğun əsasən  müəyyən edilmiş müddət və formalarda təqdim olunmuşdur.

 

Təqdim edilmiş Qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanunun tələblərinə əsasən uyğun şəkildə tərtib edilmiş, 2019-cu il dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş Qanun layihəsinin 3-cü maddəsində 2019-cu il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalığın "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilməsi qeyd olunmuşdur.

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan göstəricilər dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əsasən əks etdirilmiş, dövlət büdcəsinin icrası ilə bağlı hesabat əvvəlki illərdən daha artıq həcmdə tərtib olunmuşdur.

 

İkinci istiqamət - təqdim olunan Qanun layihəsində büdcə parametrlərinin  doğruluğu və tamlığının qiymətləndirilməsi

 

Qanun layihəsində gəlirlərin ümumi məbləği  24218,1 mln manat və mədaxil mənbələri üzrə gəlirlərin icra məbləği əks olunmuşdur. Bu məbləğ Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin və dövlət büdcəsinin mədaxil mənbələri üzrə digər orqanların hesabatlarına əsasən öz təsdiqini tapır. Hesabat göstəricilərinin tərəfimizdən aparılan təhlili Mərkəzi Bankın ayırmaları istisna olmaqla Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu üzrə 180,2 mln. manat məbləğində daxilolmaların  2019-cu ildə dövlət büdcəsinin gəlirlərində əks etdirilmədiyini göstərmişdir.

 

Bundan əlavə qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən dövlət büdcəsinə dividend ödənilməsi proqnozlaşdırılmasa da, həmin bankın illik maliyyə göstəricilərinə əsasən dövlətə çatacaq dividend məbləği birbaşa olaraq “Aqrarkredit Bank Olmayan Kredit Təşkilatı” QSC tərəfindən dövlət zəmanəti ilə buraxılan qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəlmişdir.

 

Qanun layihəsində xərclərin ümumi məbləği 24425,9 mln manat, funksional təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği əks olunmuşdur.

 

Son 4 ildə olduğu kimi, 2019-cu il dövlət büdcəsinin icrasına dair Rəydə Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin icraçısı olan qurumların vəsaitlərin istifadəsi ilə bağlı təqdim etdiyi hesabatların təhlilinin nəticələrindən də istifadə edilmişdir.

 

Hesablama Palatası tərəfindən Rəyin tərtib edilməsi zamanı 109 qurum üzrə 13,7 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən Xəzinə Üzləşmə Aktları və digər sənədlər (qurumlar tərəfindən təqdim edilən bank hesablarından çıxarış, arayış və s) nəzərdən keçirilmişdir ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin cəmi 56,1%-ni təşkil edir.

 

Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan itki məbləği (634,3 min. manat) və vahid xəzinə hesabının qalığı (2342,2 mln.manat) barədə göstəricilərə Hesablama Palatası tərəfindən cari ildə mövcud şəraitlə əlaqədar bu mövzuda nəzərdə tutulmuş nəzarət tədbiri təxirə salındığı üçün  münasibəti yalnız təqdim edilən sənədlərə əsaslanır.

 

Qanun layihəsində dövlət büdcəsinin kəsirinin  207,9 mln. manat təşkil etdiyi göstərilmişdir. Bu göstərici daha cox yuxarıdakı maddələrdə olan icra göstəriciləri ilə bağlıdır.

 

Ücüncü istiqamət - icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması, maliyyələşmələrin aparılması vəziyyətinin qiymətləndirilməsi

 

Bu istiqamətdə gəldiyimiz əsas nəticələri büdcə parametrləri üzrə qruplaşdırsaq, ilk olaraq dövlət gəlirləri barədə aşağıdakıları qeyd etmək istərdim:

 

- 2019-cu ildə dövlət büdcəsi gəlirləri Qanunla 20 mənbə üzrə müəyyən edilmiş, həmin mənbələr üzrə proqnoz göstəricilər 13 mənbə üzrə artıqlaması ilə, 6 mənbə üzrə kəsirlə, 1 mənbə üzrə isə eyni səviyyədə yerinə yetirilmişdir. Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş aylıq proqnozlar ümumilikdə yanvar, mart, avqust-dekabr aylarında 5,2%-53,2% intervalında artıqlaması ilə, digər aylarda isə 3,8%-22,9% intervalında kəsirlərlə icra olunmuşdur,

 

- Hesabat ilinin ikinci yarısında dövlət büdcəsinin icra edilmiş məbləğləri ilin birinci yarısı ilə müqayisədə nisbətən çox olmuş, 5 ayda gəlir xərcləri üstələsə də, digər 7 ayında əks meyil müşahidə edilmişdir. 2019-cu ildə ümumi büdcə gəlirlərinin və xərclərinin müvafiq olaraq 43,0% və 44,8%-i ilin birinci yarısında, 57,0% və 55,2%-i isə ilin ikinci yarısında icra olunmuşdur.

 

- Dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra edilmişdir və bu əlavə vəsait ƏDV və  rüsumların yüksək icra səviyyəsi hesabına əldə edilmişdir. Qeyd edək ki, hər iki mənbə makrogöstəricilər və qanunvericilikdə müəyyən olunmuş hədlərlə sıx şəkildə korrelyasiya əlaqəsindədir.

 

- 2019-cu ildə Dövlət Vergi Xidməti üzrə gəlirlər artıqlaması ilə icra edilmiş, əvvəlki illə müqayisədə artım və yüksək icra səviyyəsi fonunda bəzi tədiyyə növləri üzrə icra səviyyəsi aşağı olmuşdur.

 

- Hesabat ilində yerli gəlirlərin ümumilikdə, həmçinin həm şəhər, həm də rayonlar üzrə icra səviyyəsi yüksək olmuş, hər bir şəhər və rayon üzrə gəlirlər artıqlaması ilə icra olunmuşdur.

 

- Hesabat ilində dövlət büdcəsinə olan artıq ödəmələrin məbləği əvvəlki illə müqayisədə azalmış, artıqödəmə məbləğinin formalaşmasında Bakı şəhərinin payı daha yüksək olmuş, bu məbləğin azalması əsasən dövlət və xarici mülkiyyətdə olan vergi ödəyiciləri hesabına baş vermişdir.

 

- 2019-cu ildə vergi orqanları xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin yığım səviyyəsi orta hesabla (borcların və artıqödəmələrin hərəkəti nəzərə alınmadan) büdcə daxilolmalarının hesablanmış öhdəliklərə (azalmalar çıxılmaqla tədiyyələrin əsas məbləğlərinə) qarşı nisbəti 96,5%-ə bərabər olmuşdur ki, bu da 2018-ci illə müqayisədə 3,5 faiz bəndi yüksəkdir.

 

- Hesabat ilində dövlət büdcəsinin Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilən gəlirlərinin icrası bütün parametrlər üzrə artım dinamikası nümayiş etdirmiş, Komitə üzrə yığılan tədiyyə növlərindən yalnız biri kəsirlə icra olunmuşdur

 

- 2019-cu ildə Dövlət Neft Fondundan daxilolmalar üzrə müəyyən edilmiş aylıq proqnozlar fevral,aprel-iyul və  noyabr aylarında 7,4%-44,5% intervalında kəsirlərlə, digər aylarda isə 0,2%-95,5% intervalında artıqlaması ilə icra edilmişdir.

 

Dövlət büdcəsinin xərcləri üzrə nəticələri qruplaşdırsaq aşağıdakı kimi nəticələr əldə olunar:

 

- Hesabat ilində xərclərin yanvar, aprel, may və dekabr aylarında icra göstəriciləri proqnozu üstələmiş, digər aylarda isə proqnozdan az olmuşdur. İcranın proqnozu ən çox üstələdiyi göstərici 1590,5 mln. manat və ya 6,3 faiz bəndi olmaqla dekabr ayında müşahidə edilmişdir.

 

- 2019-cu il dövlət büdcəsinin xərcləri üzrə proqnozlaşdırılmış 25190,0 mln. manat xərclərin inzibati təsnifatı üzrə ümumilikdə 184 fəsli (qurumlar və bölgüsü il ərzində həyata keçirilən istiqamətlər), icra edilmiş 24425,9 mln. manat məbləğində xərclər isə 216 fəsli əhatə etmişdir.

 

- “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu əsas gətirilərək təsdiq edilmiş büdcə ayırmaları həddində bir çox dəyişikliklər (dürüstləşmələr) aparılmışdır. Hesabat ilində təsdiq edilmiş göstəricilərlə müqayisədə 6 bölmə üzrə nəzərdə tutulmuş vəsaitin müvafiq qanunla təsdiq edilmiş məbləği sabit saxlanılmış, 7 bölmə üzrə vəsait 1052,3 mln. manat məbləğində azaldılmış, 1 bölmə üzrə isə eyni məbləğdə artırılmışdır.

 

- Hesablama Palatasının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı rəylərində qeyd etdiyi kimi, son illərdə dövlət büdcəsinin icrası prosesində dəyişikliklər əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsi və 19.6-cı maddəsi əsas gətirilməklə həyata keçirilir.

 

- Proqnozla müqayisədə 14 bölmə üzrə ümumilikdə 764,1 mln. manat məbləğində vəsait icra edilməmişdir ki, bu da təsdiq edilmiş büdcənin 3,0%-nə bərabərdir.

 

- Hesabat ilində dövlət büdcəsinin və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondlarının məbləğləri qanunvericiliklə müəyyən edilmiş həddlər çərçivəsində icra edilmiş, əvvəlki illə müqayisədə Azərbaycan Respublikası Prezidentinin Fondu üzrə azalma müşahidə edilsə də, Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə artım nəzərəçarpacaq olmuşdur.

 

- Hesabat ilində büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərclər əvvəlki illə müqayisədə 30,4% artmış, eyni zamanda icra səviyyəsi də əvvəlki illərlə müqayisədə yüksəlmiş, bununla yanaşı son illərdə büdcədənkənar vəsaitlərin icrasının tam təmin edilməməsi dinamikası davam edir.

 

- İlin ilk yarısı üzrə 384,7 mln. manat məbləğində profisit proqnozlaşdırıldığı halda, icra edilmiş büdcə 545,3 mln. manat kəsirlə nəticələnmiş, ilin ikinci yarısında isə proqnozlaşdırılmış 2406,7 mln.manat məbləğində kəsirə qarşı 337,5 mln. manat profisit əldə edilmişdir.

 

Dördüncü istiqamət – Qanun layihəsi ilə birgə təqdim olunan Hesabata daxil edilmiş izahlara münasibət

 

Hesablama Palatası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları,2019-ci il üçün Nazirlər Kabinetinin hesabatı, Mərkəzi Bankın məlumatları, DSK rüblük hesabat və statistik məlumatları,nəzarət tədbirlərinin nəticələri, büdcə vəsaitinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilmiş məlumat və hesabatlardan istifadə etmişdir. İlk olaraq qeyd edim ki,təqdim olunmuş hesabat məlumatları əsasən doğrudur. Bəzi istiqamətlər üzrə aşağıdakıları diqqətə çatdırım:

 

- Tərəfimizdən əsas makrogöstəricilərin proqnoz və icra göstəriciləri ilə müqayisəsi və təhlili aparılmışdır. Təhlillə ÜDM-in tərkibindəki tikinti xərclərinin həcminə, həmçinin əsas fondlara yönəldilmiş investisiyaların həm daxili, həm də xarici mənbələrdən yönəldilmiş məbləğlərinə dair statistik hesabatlar üzrə məlumatların büdcə parametrlərinə uyğunlaşdırılmasına zərurət olduğu müəyyən edilmişdir.

 

- Dövlət büdcəsinin gəlirlərinin makroiqtisadi şəraitə əsasən adekvat olmasını qeyd etməklə, Hesablama Palatası ölkə ərazisində mal, iş və xidmətlərə görə əlavə dəyər vergisinin, eləcə də mənfəət (gəlir) vergisinin, sadələşdirilmiş verginin və torpaq vergisinin əlavə yığım potensialının mövcud olması qənaətindədir.

 

- 2019-cu il üçün büdcə-vergi siyasətində nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilmiş, 2 istiqamət üzrə tədbirlər yekunlaşdırılmamışdır. Hesabat ilində neft və qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsipləri, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (Təqib və İzləmə) sistemi tətbiq edilməmiş, eyni zamanda vergi və gömrük sahəsində qüvvədə olan və təklif olunan güzəştlərə və azadolmalara dair mərkəzləşdirilmiş reyestrin aparılması, həmin güzəştlərin dövlət büdcəsinə, sahibkarlıq fəaliyyətinə və əhalinin sosial müdafiəsinə təsiri baxımından səmərəliliyinin qiymətləndirilməsi mexanizminin hazırlanması təmin olunmamışdır.

 

- Dövlət büdcəsinin gəlirlərinin neft və qeyri-neft bölgüsü ilə əlaqədar qanunvericiliklə tənzimlənməyən bəzi məsələlərin mövcud olması şərtilə illik hesabatda əks etdirilən göstəricilər mənbələr və mütləq həcmlər baxımından uyğunluq təşkil edir;

 

- 2019-cu ildə dövlət büdcəsinin icrası ilə bağlı Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara görə, xərclərin 55,4%-i və ya 13,5 mlrd. manatı cari xərclərə, 38,4%-i və ya 9,4 mlrd. manatı əsaslı xərclərə,  6,2%-i və ya 1,5 mlrd. manatı isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilmişdir. Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan hesablamalar cari, əsaslı və borca xidmətlə bağlı xərclərin hesabatda əks etdirilmiş göstəricilərdən fərqli olduğunu göstərir.

 

- Hesabat ili üzrə dövlət büdcəsinin icrası ilə bağlı hesabatda müxtəlif məqsədli xərclər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən dövlət proqram və tədbirləri kimi göstərilmiş, ümumilikdə dövlət proqramı olaraq qəbul edilmiş bir sıra proqramlarla bağlı məlumatlar hesabata daxil edilməmiş, 2019-cu ildə bəzi dövlət proqramları üzrə mərkəzləşdirilmiş xərclərdən əlavə vəsaitin icra olunduğu nəzərə alınmamışdır.

 

- Hesabat ilində Dövlət İnvestisiya Proqramı üzrə bölgüsü aparılan vəsaitlər 97,1% səviyyəsində icra edilmiş, 597 layihə əhatə edilmiş, layihələrin 52,0%-ni yeni layihələr təşkil etsə də, vəsaitin məbləğində keçid layihələrin payı daha çox olmuşdur. Qeyd edim ki, hal-hazırda başa çatdırılmamış tikililərin araşdırılması davam edir. Başa çatdırılmamış tikililərin həcmində  səhmdar cəmiyyətlərin payı 75% təşkil edir.

 

-  Hesabat əsasən, hesabat ilində qanunvericiliklə daxili və xarici borclanma üzrə müəyyənləşdirilmiş yuxarı hədlərə riayət edilmiş, eyni zamanda, son illərdə olduğu kimi, hesabat ilində də məcmu dövlət borcunun əsas hissəsini xarici borc təşkil etmişdir. Qeyd edək ki, dövlət borcunun ÜDM-ə və dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsinin xərclərinə nisbət göstəriciləri “Azərbaycan Respublikasında Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da müəyyənləşdirilmiş hədlər çərçivəsində olmuşdur. Məlumat üçün bildirim ki, müxtəlif metodoloji yanaşmalar üzrə tərəfimizdən aparılmış təhlil ölkəmizin dövlət borcu üzrə dayanıqlılıq göstəricilərinin kifayət qədər qənaətbəxş səviyyədə olduğunu göstərir.

 

- Hesabat ilində dövlət satınalmaları üzrə müsabiqə sayında artım fonunda satınalmalara cəlb edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə azalmış, keçirilmiş müsabiqələrin tərkibində böyük pay kotirovka sorğusu metoduna aid olmuş, hesabat ilində rəqabətli satınalma metodları daha cox istifadə olunmuşdur.

 

- Hesabat ilində debitor borcların məbləği əvvəlki illə müqayisədə bir qədər artmış, lakin büdcə xərclərinin artımı fonunda debitor borcların xərclərə nisbət göstəricisi  2018-ci illə müqayisədə sabit qalmışdır (8,6%). Bu borcların tərkibində, əvvəlki illərdə olduğu kimi, 3 funksional bölmənin payı daha çox olmuşdur.

 

-  Vahid xəzinə hesabının qalığından, əvvəlki ildə olduğu kimi,  2019-cu ildə də kəsirin maliyyələşmə mənbəyi kimi nəzərdə tutulsa da, hesabatda bu mənbə kəsirin maliyyələşmə mənbəyi olaraq göstərilməmiş, il ərzində bu məqsədlə vahid xəzinə hesabından vəsait icra edilmişdir. Son nəticədə bu istiqamətə həmin mənbədən vəsait  yönəldilməmişdir. Hesabat ilində qalıq məbləği büdcə gəlirlərinin 10%-inədək (9,7%) artmışdır.

 

Sadalanan icra nəticələri barədə Hesablama Palatası tərəfindən təqdim edilən Rəydə təkliflər də irəli sürülmüşdür.Təkliflər 3 qrupa bölünməklə büdcə qanunvericiliyi,gəlirlərin inzibatşılığı və maliyyə inzibatçılığı və xərclərin hesabatlılığı ilə bağlıdır. Bəzi təkliflərin əvvəlki illərdə də təqdim edilməsi irad olaraq bildirilə bilər, lakin qəti əminliklə bildirmək istəyirəm ki, bu təkliflər hələ ki, çox aktualdır.

 

Hörmətli millət vəkilləri!

 

Hesablama Palatasının rəyi sizlərə təqdim edilmişdir və siz bu rəylə ətraflı şəkildə tanış olmusunuz. Çıxışımı mütərəqqi təcrübəyə uyğun olaraq ali audit orqanının dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı sənəddə cavab verilməli suallar üzərindən quraraq daha konkret məlumatlar çatdırmaq istədim.

 

Diqqətinizə görə təşəkkür edirəm!