Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2020-05-04

May ayının 4-də Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformatda baş tutmuşdur. İclasda Kollegiya üzvləri ilə yanaşı müvafiq struktur bölmələrin rəhbərləri də iştirak etmişdirlər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Kollegiya iclasında Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirəsi zamanı millət vəkilləri tərəfindən səsləndirilən irad və təkliflər barədə məlumat verərək cari il üçün İş Planının icrası zamanı həmin tövsiyələrin nəzərə alınması istiqamətləri üzrə tapşırıqlarını səsləndirdi.

 

İclasda, eyni zamanda, yeni növ koronavirus (COVİD – 19) pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən xüsusi rejimə riayət edilməsi ilə cari il üçün fəaliyyətin təşkili məsələləri müzakirə edildi.

 

Hesablama Palatasının sədri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi rejimin yumşaldılması şəraitində başa çatmış audit tədbirləri üzrə nəticələrin müzakirəsi, həmçinin pandemiya səbəbilə təxirə salınmış nəzarət tədbirlərinə başlanılması istiqamətində müvafiq tapşırıqlarını verdi.

 

2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyinin layihəsinin hazırlanması üzrə müvafiq struktur bölmələr tərəfindən həyata keçirilmiş addımlarla bağlı məlumat dinlənilərək rəyin vaxtında tərtib edilməsi, məlumatlılığının yüksəldilməsi istiqamətində müzakirələr aparıldı və müvafiq tapşırıqlar verildi.