Hesablama Palatasının sədri V. Gülməmmədovun Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı ilə bağlı Milli Məclisin plenar iclasında çıxışı
Əlavə olunub: 2020-05-01

Hörmətli xanım Sədr, hörmətli millət vəkilləri!

Hörmətli iclas iştirakçıları və media nümayəndələri!

 

VI çağırış Milli Məclisin plenar iclasında ilk dəfə çıxış etdiyimi nəzərə alaraq hər birinizi millət vəkili seçilməyiniz münasibəti ilə təbrik edir və dövlətimizin ali qanunvericilik hakimiyyəti orqanında fəaliyyətinizdə uğurlar arzulayıram.  

 

2019-cu ildə fəaliyyətimizə dair Hesabatımız “Hesablama Palatası haqqında” Qanunun tələblərinə əsasən  hazırlanmış və Milli Məclisə təqdim edilmişdir. Hesabata 2018-2020-ci illəri əhatə edən Strateji İnkişaf Planı üzrə həyata keçirilmiş tədbirlər, müəyyən edilmiş  vəzifə və funksiyalar üzrə məlumatlar, həmçinin  mütərəqqi təcrübə öyrənilməklə fəaliyyətimizin əsas nəticələri daxil edilmişdir. Eyni zamanda, ali audit orqanlarının fəaliyyətini qiymətləndirən beynəlxalq hesabatlarda ölkəmizin mövqeyini yaxşılaşdırmaq məqsədilə Hesabata fəaliyyətin nəticələrini icmal şəkildə təqdim edən xülasə də əlavə olunmuşdur. 

 

İlk olaraq qeyd edim ki, 2019-cu ilin İş planı fəaliyyətimizi tənzimləyən Qanunun 20-ci maddəsinə uyğun olaraq risk qiymətləndirilməsi yolu ilə tərtib edilmişdir. İl ərzində əlavə dəyərləndirmələrin nəticəsi olaraq yalnız auditor müraciəti əsasında İş planına iki audit  əlavə olunmuşdur. 2019-cu ildə mərkəzi icra hakimiyyətinin regional orqanlarını nəzərə almasaq 9 obyektdə ilk dəfə nəzarət tədbiri aparılmışdır.

 

 Qanunla əsas fəaliyyət istiqamətimiz kimi dövlət büdcəsinin, həmçinin  büdcədənkənar dövlət fondlarının layihəsi, həmçinin dövlət büdcəsinin  icrası ilə bağlı Milli Məclisdən daxil olan Qanun layihələrinə Rəylərimiz tələb olunan müddətdə və beynəlxalq standartların tələblərinə uyğun şəkildə təqdim edilmişdir. Bu Rəylərdə həmin sənədlər  ciddi təhlil edilmiş, mümkün risklər sadalanmış, mövcud olan problemlər  göstərilmiş,  nəticələr və problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.

 

Fəaliyyətimizin növbəti istiqaməti olan kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı qeyd edim ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilmişdir. Yeni Qanunun tələblərinə uyğun olaraq 43 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılmışdır.

 

Hesabatda  43 auditin icmal nəticələri əks etdirilmişdir. Qeyd edim ki, 2019-cu ildə həmin tədbirlər üzrə Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən edilmişdir.  

 

Maliyyə və uyğunluq auditin nəticələri əvvəlki illərdə olduğu kimi əsas pozuntuların büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə və eləcə də, mühasibat uçotu və hesabatlılıqla bağlı olduğunu göstərir.

 

Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının keçirilməsində şəffaflığın təmin edilməsinə və dövlət əmlakından səmərəli istifadəyə nəzarətin təşkilindən keçir.

 

Hesabat ilində nəzarət tədbirlərinin nəticələri göstərdi ki, dövlət satınalmaları sahəsində ən çox rast gəlinən iki əsas məsələnin həlli ilə bağlı qanunvericilik və inzibati vasitələrin daha geniş tətbiqi üzrə işlər davam etməlidir. Birinci məsələ ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməməsi və  ikincisi isə  dövlət satınalmasında şəffaflığın və rəqabətliliyin təmin edilməsi ilə bağlıdır.

 

Bildiyiniz kimi, ehtimal olunan qiymətin hesablanma üsulları ilə bağlı  2019-cu ildə Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilmiş və bu, müsbət təsirlərə malik addım kimi qiymətləndirilməlidir. Tərəfimizdən 2018-ci ildə keçirilmiş dövlət satınalmalarına dair  hesabat və məlumatlar təhlil edilmiş və hal-hazırda da 2019-cu il üçün analoji təhlil aparılmaqdadır. Bu təhlillər əsasında demək istərdim ki, əvvəlki illərlə müqayisədə satınalmaya cəlb olunan ümumi məbləğin və müqavilə saylarında artım, həmçinin müsabiqəsiz satınalmaların sayında isə  nisbətən azalma müşahidə edilməkdədir. Lakin satınalma məbləğində rəqabətsiz satınalmaların xüsusi çəkisi hələ də yüksək olaraq qalmaqdadır.

 

Hesab edirik ki, dövlət satınalmalarına nəzarət qanunvericiliyə əməl olunması və dövlət satınalmalarında effektivliyin qiymətləndirilməsi kimi iki əsas mərhələdən ibarətdir. Qanunvericiliyə əməl olunma ilə bağlı Hesablama Palatası tərəfindən son illər bu sahədə çoxsaylı nəzarət tədbirləri aparılmış və nəticələr müvafiq hesabatlarda təqdim edilmişdir. Dövlət satınalmalarının effektivliyinin müəyyən edilməsi işi bir qədər mürəkkəb olsa da, hesab edirik ki, bu proses daim nəzarətdə saxlanılmalı, bu sahədə əsas göstəricilər və meyarlar öyrənilməlidir.

 

Dövlət maliyyə nəzarəti sisteminin diqqət yetirməli olduğu digər sahə dövlət əmlakını, daha doğrusu, dövlət əmlakından səmərəli istifadə məsələsini əhatə edir.  Dövlət müəssisələrinin büdcə ilə münasibətlərinin düzgün təşkili olunması, dövlət əmlakının istifadəsindən  əldə  olunan gəlirlərin tamlığının, şəffaflaşdırılmasının və hesabatlılığının təmin edilməsi, həmçinin dövlət aktivlərinə xidmət xərclərinin optimallaşdırılması inzibatçılıq vasitələrinin geniş istifadəsini və əsaslı institutsional dəyişiklikləri zəruri edir.  

 

Hörmətli millət vəkilləri!

Ali audit orqanlarının fəaliyyətində əsas götürülən beynəlxalq standart (ISSAI 10: 7-ci prinsip) verilmiş tövsiyə və təkliflərin icra səviyyəsinin izlənməsini müəyyən edir. Tərəfimizdən bu standarta  və mütərəqqi təcrübəyə uyğun olmaqla yalnız hesabat ilində deyil, əvvəlki illərdə başa çatmış auditlər üzrə də davam etdirilən tədbirlər diqqətdə  saxlanılmışdır. 2019-cu ildə Hesablama Palatasına Kollegiya qərarlarının icrası olaraq 21,3 mln. manat vəsaitin bərpası təmin edilmişdir.

 

Nəzarət tədbirləri ilə müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə digər addımlar da atılmış, bərpa edilmiş vəsaitlərdən əlavə hesabat ilində 3,0 mln. manat dəyərində mal-materialın natura formasında bərpası, 1,1 mln. manat məbləğində görülməmiş işlərin tamamlanması təmin edilmişdir.

 

Bununla yanaşı, 5,4 mln. manat məbləğində debitor borcun bağlanılması, həmçinin 376,0 min manat əsassız kreditor borcun ləğv edilməsi təmin olunmuşdur. Bu tədbirlər, öz növbəsində növbəti illərdə vəsaitlərin əsassız artırılması və səmərəsiz istifadəsinin qarşısının alınmasında effektiv preventiv addımlardır.

 

Müasir çağırışlar hər bir sahəyə, o cümlədən dövlət maliyyəsinə müxtəlif tələblər müəyyənləşdirir və yaşadığımız şərtlər bu tələbləri xüsusilə sərtləşdirir.  Vəsaitlərin məbləği və  müəyyən edilmiş hədəflərə nail olunma səviyyəsi arasında uyğunluğun qiymətləndirilməsi hal-hazırda xüsusilə aktual olmaqla bu tələblərin tərkib hissəsidir. Bunun üçün vəsaitlərin qanunauyğun istifadəsi ilə yanaşı, səmərəli idarəedilməsi xüsusi ilə aktualdır.

 

MDB ölkələrinin tətbiq etdiyi yanaşmalardan istifadə edərək tərəfimizdən vəsaitlərin səmərəsiz istifadəsi halları da sistemləşdirərək hesabat ilində həmin xərcləri ümumilikdə 75,0 mln.manat məbləğində qiymətləndirmişik.

 

 2019-cu ildə Hesablama Palatası tərəfindən ilk dəfə olaraq dörd istiqamət üzrə həyata keçirilən və 980,0 mln.manat vəsaiti əhatə edən səmərəlilik auditləri üzrə məlumatlar da Hesabata ayrı-ayrılıqda daxil edilmişdir.

 

Performans auditi qənaətlilik, səmərəlilik və nəticəlilik meyarlarını əsas tutur. Hesabat ilində  aparılmış auditlərdə biz nəticəliyin qiymətləndirilməsi tələbini seçmişik. Cari ildə bunu davam etdirmək niyyətindəyik və bu sahədə əsas diqqət Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərə və Dövlət proqramlarına yönəldiləcəkdir.

 

Performans auditinin nəticələri göstərdi ki, hər bir istifadəçi tərəfindən büdcə  vəsaitlərin icra istiqamətlərinin nəticəliliyi həmin vəsaitlərin proqnozlaşdırılması prosesindən başlayaraq təmin edilməli, fəaliyyət üzrə prioritetlərin ifadə olunduğu meyarlar müəyyənləşdirilməli, başqa sözlə, prioritet və vəsaitlər arasında uzlaşma konkretləşdirilməlidir.

 

Hörmətli millət vəkilləri!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən maliyyə nizam-intizamı gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi, maliyyə və iqtisadi sahədə tam şəffaflığın təmin edilməsi tapşırıqları dəfələrlə verilmişdir. Bu tapşırıqların icrası hər bir dövlət qurumu tərəfindən tam şəkildə təmin edilməlidir və bu, büdcə qanunvericiliyinin təkmilləşdirilməsindən başlayır.

 

Qeyd olunmuş istiqamətdə ali audit orqanı kimi dövlət maliyyə inzibatçılığının gücləndirilməsi məqsədilə aşkar olunmuş pozuntuların sayı və xarakteri təhlil edilmiş, səbəb-nəticə əlaqələri müəyyənləşdirilmişdir. Nöqsanlar bazasının formalaşdırılması hesabat ilində də həyata keçirilmiş və aparılan təhlillər əsasında  bu nöqsanların başvermə səbəblərinin  aradan qaldırılması ilə bağlı təkliflər və müraciətlər müvafiq qaydada təqdim edilmişdir.  Ümumi şəkildə ifadə etsək, təkliflərimiz xərclərin artıq və əsassız xərclənməsinin qarşısının alınması üçün xərc normativləri bazasının təkmilləşdirilməsini, tikinti ilə bağlı xərclərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tikintidə ehtimal olunan qiymətin hesablanılması, həmçinin büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi və büdcə sisteminə daxil olan bütün elementlər üzərində parlament nəzarətinin tamlığının təmin edilməsi məqsədi daşımışdır.

 

Hörmətli millət vəkilləri!

Hesablama Palatası yalnız xərclərə deyil,  eyni zamanda gəlirlərin də icrasına nəzarət edir və burada xüsusi diqqəti inzibatçılığa yönəldirik. Diqqətə çatdırım ki, dövlət büdcəsi gəlirlərinin yığımını təmin edən əsas fiskal institutlar kimi vergi və gömrük orqanlarında son illər ərzində aparılan islahatlarla, sözsüz ki,  bu dövlət qurumlarının da fəaliyyətinin nəticə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bununla yanaşı Hesablama Palatası fiskal institutların inzibatçılığı ilə bağlı potensial mənbələrin mövcud olması qənaətindədir.

 

Nəzarət fəaliyyətimizin digər bir qolu olan analitik fəaliyyətimizlə bağlı olmuşdur ki,  hesabat ilində büdcədənkənar dövlət fondunun və məqsədli büdcə fondunun gəlir və xərclərini, vahid büdcə qalığının istifadəsini, həmçinin dövlət büdcəsinin ayrı-ayrı 3 istiqamətini əhatə edən ümumilikdə 6 mövzuda analitik fəaliyyət həyata keçirilmişdir.

 

Ümumilikdə kənar dövlət maliyyə nəzarət  fəaliyyətimizə yekun vuraraq nəzarət tədbirləri ilə əhatə barədə məlumat verim. Qeyd edim ki, 2019-cu ildə icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun 2018-ci il büdcəsi tam olaraq analitik fəaliyyətlə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi isə audit fəaliyyəti ilə əhatə edilmişdir. 2019-cu ildə maliyyə və uyğunluq auditləri ilə əhatə olunmuş dövlət büdcəsinin  xərclərində 2018-ci ilin payı 70,4% olmaqla daha böyük olmuşdur.

 

Ali audit orqanları şəffaflığın və hesabatlığın təmin edilməsində bir nümunə təşkilat olmalıdır. Tərəfimizdən hesabat ilində bu sahədə kifayət qədər geniş miqyaslı addımlar atılmış, fəaliyyətimizin hər bir aspekti barədə internet səhifəmizdə məlumatlar yerləşdirilmişdir.

 

Şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar birbaşa olaraq korrupsiya əleyhinə fəaliyyətimizin də tərkib hissəsidir. Hesabat ilində 5 nəzarət tədbirində müəyyən edilmiş qanun pozuntuları üzrə materiallar prokurorluq orqanlarına göndərilmişdir.

 

Hörmətli millət vəkilləri!

Nəzarət fəaliyyəti ilə yanaşı, hesabat ilində digər  istiqamətlərdə olan fəaliyyətimizin nəticələri barədə də məlumat verim. İlk olaraq Təlim Mərkəzi barədə. Qanunun tələbi ilə hesabat ilinin sonunda (mövcud büdcə çərçivəsində) Təlim Mərkəzi fəaliyyətə başlamışdır. Bu Mərkəzdə öyrəndiklərimizin öyrədilməsi və dövlət auditi sahəsində gənc kadrlarmızın biliklərinin artırılması və beynəlxalq sertifikatlara yiyələnməsi üçün şərait yaratmışıq.

 

2019-cu ildə Palatanın strateji məqsədlərinə uyğun olaraq əsas funksional fəaliyyətində və inzibatçılıq ilə bağlı proseslərdə İT tətbiq səviyyəsinin artırılması məqsədilə ardıcıl tədbirlərin görülməsi davam etdirilmişdir.

 

Hesabat ilində əvvəlki illə müqayisədə daha çox olmaqla Kollegiyanın 44 iclası keçirilmişdir. Diqqətinizə çatdırdığım fəaliyyətlər kollektivin 139 əməkdaşı ilə dövlət büdcəsindən 5,5 mln. manat istifadə olunmaqla həyata keçirilmişdir.

 

Hesabatlılıq və şəffaflıq prinsiplərinə sadiq qalaraq hesabatlarımız kənar auditdən keçirilmiş və Hesablama Palatasının maliyyə vəziyyəti və maliyyə nəticələri ilə bağlı hesabatlarına müstəqil auditorun müsbət rəyini diqqətinizə çatdırmaq istəyirəm.

 

Hörmətli millət vəkilləri!

Hesablama Palatası olaraq qarşımızda müəyyən etdiyimiz bəzi fəaliyyət istiqamətləri barədə də qısa məlumat vermək istərdim.

 

İlk olaraq qeyd edim ki, müasir tələblər və beynəlxalq çağırışlar AAO-ların ölkənin sosial-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, bu göstəricilərin inkişafının ölçülməsi, həmçinin dövlət qurumlarının hesabatlılığı və şəffaflığının yüksəldilməsi məsələlərini öz fəaliyyətində prioritet olaraq müəyyən etmişdir və bu, iki əsas audit metodu ilə həyata keçirir:

 

  • Milli, o cümlədən makroiqtisadi göstəricilərin auditini nəzərdə tutan audit -  makroaudit,
  • Vəsaitlərin səmərəli, qənaətli və nəticəli istifadəsini qiymətləndirən audit -fəaliyyət (səmərəlilik (performans)) auditi.

 

Bu çağırışlara cavab olaraq tərəfimizdən cari ildə və növbəti illərdə performans auditlərinin sayını artırmaqla BMT tərəfindən qəbul edilmiş qətnamələrdə üzv dövlətlərə tövsiyyəolunduğu kimi dövlət idarəetmə sisteminin gücləndirilməsinə və vəsaitlərin bu istiqamət üzrə daha rasional istifadəsinə töhfəmizi vermək niyyətindəyik.

 

Eyni zamanda, qabaqcıl təcrübələrdən öyrənməklə INTOSAI standartlarına uyğun və milli qanunvericiliyin tələbləri əsasında zəruri metodoloji bazanın genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətimizi davam etdirmək niyyətindəyik.

 

Əlbəttə ki, müasir dövrün əsas tələblərindən biri rəqəmsallaşmanın və informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlıdır. Bu çağırışlarla ayaqlaşmaq məqsədilə yeni audit metodlarından olan İT auditin tətbiqi üzrə fəaliyyətimizi genişləndirmək, həmçinin fəaliyyətimizin ildən-ilə daha çox sahəsini əhatə edən proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək qarşımızda qoyduğumuz digər mühüm istiqamətlərdəndir.

 

2019-cu ildə fəaliyyətlə bağlı Hesabata dair çıxışımı 2 gün əvvəl beynəlxalq təşkilatın fəaliyyətimizlə bağlı açıqlanmış qiymətləndirməsi barədə məlumat verməklə yekunlaşdırmaq istərdim. Cənab Prezidentin şəffaflığın yüksəldilməsi istiqamətində tapşırıqlarının icrası olaraq həyata keçirdiyimiz tədbirlərin, o cümlədən hesabat və rəylərin məlumatlılığını artırmaqla ictimaiyyətə vaxtında açıqlanması, maraqlı tərəflərlə məhsuldar əməkdaşlığı, xülasələrin hazırlanması və vaxtında çap edilməsi, eyni zamanda bu istiqamətdə digər tədbirlər Açıq Büdcə İndeksi üzrə hesabatda fəaliyyətimizin 100 baldan 89 balla qiymətləndirilməsi ilə nəticələnmişdir. Bu isə əvvəlki qiymətləndirmə ilə müqayisədə daha 6 bal irəliləmək deməkdir. Hesabatda ali audit orqanı olaraq Hesablama Palatası tərəfindən büdcəyə adekvat nəzarətin təmin edildiyi qeyd edilmişdir.

 

Bəyan etmək istərdik ki, fəaliyyətimizin daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hesablama Palatasına olan dəstəyini və etimadını doğrultmaq, ölkəmizdə həyata keçirilən mühüm islahatların bir parçası olmaq niyyətindəyik və fəaliyyətimizlə ölkəmizin beynəlxalq aspektlərdən mövqeyinin daha da yaxşılaşdırılması üçün gücümüzü səfərbər etmişik.

 

Diqqətinizə görə təşəkkür edirəm.