Hesablama Palatasının fəaliyyəti beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilmişdir
Əlavə olunub: 2020-04-29

Beynəlxalq Büdcə Layihəsi tərəfindən Açıq Büdcə İndeksi (ABİ) üzrə açıqlanan son hesabatda Azərbaycan Respublikası Hesablama Palatasının ali audit orqanı olaraq fəaliyyəti əvvəlki hesabatla müqayisədə daha yüksək balla qiymətləndirilmişdir. Belə ki, Hesablama Palatasının dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzərində nəzarət fəaliyyəti  100 baldan 89 bal olaraq dəyərləndirilmişdir ki, bu da əvvəlki qiymətləndirmədən 6 bal çox olmaqla Hesablama Palatası tərəfindən büdcə üzərində  adekvat nəzarətin təmin edildiyini göstərir. 

 

Məlumat üçün bildirək ki, Açıq Büdcə İndeksi (ABİ) Beynəlxalq Büdcə Layihəsi tərəfindən dövlətlərin büdcə şəffaflığını qiymətləndirən bir diaqnostik alətdir. İndeksin məqsədi şəffaflıq və hesabatlılıq parametrləri kimi qəbul edilən meyarların konkret ölkədə fiskal diaqnostikasının aparılması və büdcə prosesi üzrə hazırlanan 8 hesabatın vaxtlı-vaxtında internetdə yerləşdirilərək ictimaiyyətə çatdırılma səviyyəsini müəyyənləşdirməkdir.

 

İndeksi bütün ölkələr üçün eyni olan sorğu əsasında hesablanır. Sorğu 145 sualı əhatə edir və hər bir sual 100 ballıq şkala ilə qiymətləndirilir.

 

Azərbaycan Respublikası Hesablama Palatası postsovet ölkələri arasında Rusiya Federasiyası və Gürcüstanla birlikdə ilk yeri bölüşür və bir çox Avropa ölkələrinin ali audit orqanları ilə müqayisədə daha yüksək mövqedədir.