Hesablama Palatasının sədri V.Gülməmmədov Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı təqdim etmişdir
Əlavə olunub: 2020-04-28

27 aprel 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı dinlənilmişdir. Hesabatı “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sədr Vüqar Gülməmmədov təqdim etmişdir.

Hesablama Palatasının sədri 2019-cu ildə müvafiq qaydada hazırlanaraq təqdim edilmiş rəylər barədə məlumat vermiş, həmin rəylərdə əks etdirilmiş tövsiyələrin ayrı-ayrı istiqamətlərini diqqətə çatdırmışdır. Daha sonra V. Gülməmmədov hesabat ilində səmərəlilik (performans) auditinin ilk dəfə olaraq həyata keçirildiyini vurğulayaraq, aparılmış maliyyə və uyğunluq auditlərinin nəticələrini təqdim etmişdir.

 

V. Gülməmmədov 2019-cu ildə müəyyən edilmiş nöqsanların sayı, ayrı-ayrı istiqamətlər üzrə strukturu barədə millət vəkillərini məlumatlandırmış, eyni zamanda, həmin nöqsanların aradan qaldırılması məqsədilə qurumlar tərəfindən həyata keçirilmiş tədbirlərin icmal nəticələrini diqqətə çatdırmışdır. Hesablama Palatasının sədri ümumilikdə hesabat ilində müvafiq qaydada bərpa edilmiş vəsaitlərin məbləği, görülmüş digər işlərin yekunları barədə məlumat vermişdir.

 

Hesablama Palatasının sədri  V. Gülməmmədov auditlərlə yanaşı Hesablama Palatasının analitik və monitorinq fəaliyyətinin nəticələrini parlament üzvlərinin diqqətinə çatdırmaqla nəzarət tədbirlərinin əhatə dairəsi ilə bağlı məlumat vermişdir.

 

Sonda Hesablama Palatasının korrupsiyaya qarşı mübarizə, həmçinin şəffaflıq və hesabatlılığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eyni zamanda büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər diqqətə çatdırılmışdır.

 

Hesablama Palatasının sədri V. Gülməmmədov öz çıxışını Hesablama Palatasının inzibati fəaliyyətinin digər istiqamətlərinin nəticələrini təqdim etməklə yekunlaşdırmışdır.

 

27 aprel 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı üzrə təqdimatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: http://sai.gov.az/1/newsmore/958