“Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” Tvinninq Layihəsinin rəsmi Bağlanış Konfransı keçirilmişdir
Əlavə olunub: 2020-03-11

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsinin rəsmi Bağlanış Konfransı keçirilmişdir.

 

Layihənin ümumi məqsədi Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən  qəbul edilmiş və beynəlxalq səviyyədə tətbiq olunan audit standartları əsasında Hesablama Palatasının institusional və funksional potensialının artırılması, eləcə də Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaqla Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın gücləndirilməsinə və şəffaflığın artırılmasına  töhfə verməkdir.

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Layihəyə 2017-ci ilin oktyabrın 1-də start verilmişdir və 30 ay davam etmişdir.

 

Konfransın rəsmi açılış nitqi ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov çıxış etmiş, layihə üzrə Polşa və Azərbaycan tərəfinin nümayəndələrini salamlamış, layihənin əhəmiyyəti və əldə edilmiş nəticələr haqqında konfrans iştirakçılarına məlumat vermişdir.

 

Konfransda layihə üzrə tərəf müqabili olan Polşa Ali Audit İdarəsinin Prezidenti cənab Marian Banas, Aİ Nümayəndəliyinin rəhbəri cənab  Kęstutis Jankauskas, Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri cənab Rafal Poborski və digər qonaqlar layihənin əhəmiyyətindən və nəticələrindən danışmışlar. Polşa Ali Audit İdarəsinin Vitse-Prezidenti və Layihənin rəhbəri olan cənab Wojciech Kutyła konfrans iştirakçılarına layihə çərçivəsində görülmüş işlər, həyata keçirilmiş fəaliyyətlər, maliyyə, uyğunluq və səmərəlilik auditləri üzrə hazırlanmış və təkmilləşdirilmiş normativ-metodoloji sənədlər barəsində geniş məlumatlar vermiş və ümumilikdə layihə üzrə təqdimatla çıxış etmişdir. 

 

Konfransda, həmçinin,  Polşa və  Azərbaycan tərəfdən Layihə Rəhbərləri, Layihə üzrə yerinə yetirilmiş komponentlərin rəhbərləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin, bir sıra beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının dövlət maliyyə nəzarəti qurumlarının nümayəndələri və media  təmsilçiləri də iştirak etmişlər.

 

Konfransın sonunda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdirmişlər.