Hesablama Palatasının əməkdaşları INTOSAI İnkişaf Təşəbbüsünün (IDI) Strategiya, Fəaliyyətin Ölçülməsi və Hesabatlılıq Proqramı (SPMR) üzrə növbəti təlim kursunda iştirak etmişlər
Əlavə olunub: 2020-02-04

Hesablama Palatasının əməkdaşları – İcmal  büdcə və strateji təhlil şöbəsinin müdiri Vəfa Mütəllimova, Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarə edilməsi sektorunun müdiri Sənay Paşayev  INTOSAI təşkilatının İnkişaf Təşəbbüsü (IDI) tərəfindən Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən növbəti təlimdə iştirak etmişlər. Təlim AAQ-ların Strategiya, Fəaliyyətin Ölçülməsi və Hesabatlılıq Proqramı (SPMR) üzrə strateji planlaşdırma mərhələsinə həsr edilmişdir. Təlim IDI əməkdaşları tərəfindən aparılmışdır.

 

Təlimdə Strateji İdarəetmə və SPMR-a ümumi baxış, o cümlədən AAQ strategiyasının hazırlanması üçün ümumi yanaşma və başlanğıc nöqtə, AAQ PMF nəticələrinin qiymətləndirilməsi, maraqlı tərəflərin baxışlarının və gözləntilərinin təhlili, SWOT analizi və strateji məsələlər, təsir və nəticələrin (outcomes and outputs) müəyyən edilməsi, nəticə üçün tələb olunan imkanların və boşluqların müəyyənləşdirilməsi, strategiya üçün resursların prioritetləşdirilməsi, fərziyyələr və risklər, strateji planın ölçülməsi üzrə təqdimatlar edilmiş və qrup çalışmaları aparılmışdır.

 

Qeyd edək ki, bu proqramın əsas məqsədi AAQ-ların potensialının inkişaf etdirilməsi ilə ISSAI 12-yə (Ali Audit Qurumlarının dəyər və üstünlükləri – vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi) uyğun olaraq AAQ-ların cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsində rolunun gücləndirilməsidir. Bu zaman qurumun fəaliyyətində yuxarıda güclü və zəif tərəfləri müəyyən etməklə müxtəlif inkişaf göstəricilərinin müqayisəsi təmin edilir. Belə qiymətləndirmə, AAQ-ların Strateji İnkişaf və Tədbirlər Planlarının tərtibi üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, sonradan həmin planların icrası nəticəsində əldə edilmiş uğurları ölçmək imkanı verir. Eyni zamanda, ISSAI 12-nin tələblərinə uyğun müəyyən edilmiş 3 məqsəd və 12 prinsipin tətbiq səviyyəsi dəyərləndirilir ki, bu da AAQ və cəmiyyət, həmçinin digər tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə imkan verir.