Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2019-12-13

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında  Hesablama Palatasının 2020-ci il üçün İş planının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur.

 

İclasda Hesablama Palatasının 2020-ci il üçün İş Planının hüquqi əsasları, qanunvericiliyin İş planı üzrə müəyyən edilən tələblərdən danışılmış, ötən il qüvvəyə minmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət  maliyyə nəzarəti üzrə  audit fəaliyyətinin, eləcə də maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırıldığı nəzərə çatdırıldı.  

 

Bundan əlavə, iclasda Hesablama Palatasının 2020-ci il üçün İş Planında fəaliyyət  istiqamətləri üzrə növbəti  ildə dövlət büdcəsinin icrasının təhlili ilə bağlı  yarımillik və illik məlumat  və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, eləcə də Hesablama Palatasının fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verildi.

 

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları da müzakirə olunmuşdur:

 

  • “Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə;

 

  • “Dünya Bankından dövlət zəmanəti ilə kredit cəlb edilməklə həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmə üzrə vəsaitlərin istifadəsinə dair ;

 

  • Bakı Slavyan Universitetinin tədris fəaliyyətinin səmərəlilik auditinin nəticələrinə dair;

 

  •  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2018-ci il üçün illik maliyyə hesabatlarına dair;

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək  məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.