Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2019-11-29

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında   Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il üçün  büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə  olunmuşdur.

 

Rəydə Dövlət Neft Fondunun  2020-ci il üçün büdcə layihəsi, habelə Fondun vəsaitinin 2020-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və Fondun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilmiş, onların təsdiq edilməsi barədə müvafiq Fərman layihəsinin Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi üçün Dövlət Neft Fonduna göndərilməsi tövsiyyə olunmuşdur. 

 

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində inzibatçılığın təşkili vəziyyətinə dair;

- Sabunçu Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair;

-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair.

 

Kollegiya iclasında  nəzarət tədbirləri üzrə Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarlarının və Auditor hesabatlarının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq  təsdiq  edilmiş, bir kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramda  dəyişiklik edilməsi, Hesablama Palatası Kollegiyasının 2019-cu il 11 oktyabr tarixli, Q-137 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması Qaydaları”nın qəbul edilməsi ilə əlaqədar olaraq Palatanın digər metodiki sənədlərinin həmin Qaydalara uyğunlaşdırılması üzrə məsələlər, eləcə də “Kollegiya Qərarlarının və auditor hesabatlarının hüquqi təhlili üzrə Arayış”ın layihəsi müzakirə olunaraq  təsdiq  edilmişdir.