Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxışı
Əlavə olunub: 2019-11-11

Hörmətli Komitə sədrləri, hörmətli millət vəkilləri!

Hörmətli hökumət üzvləri! Xanımlar və cənablar!

 

Hesablama Palatasının 2020-ci il üçün “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun ayihəsinə dair  tərtib etdiyi Rəy tələb olunan müddətdə Milli Məclisə təqdim olunmuşdur. Rəyin tərtib edilməsi üçün əsas “Hesablama Palatası haqqında” Qanundur və bu Qanun dövlət büdcəsi ilə yanaşı büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair rəyin verilməsini Hesablama Palatasının fəaliyyət istiqamətləri və vəzifələri arasında təsbit etmişdir.

 

Qeyd edim ki, “Büdcə zərfi”nə daxil olan sənədlər, o cümlədən büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq tərtib və təqdim edilmişdir. Bununla yanaşı, Hesablama Palatası büdcə sisteminin tərkib hissəsi olan büdcədənkənar fondların büdcələrinin layihələri ilə birlikdə ümumilikdə sistemi əhatə edən bütün göstəriciləri və bu göstəricilərin dinamikasını izah edən amillər, növbəti il üçün nəzərdə tutulmuş dəyişikliklər, həyata keçirilmiş islahatların nəticələrinin təsiri və s. bu kimi istiqamətdə ətraflı məlumatların təqdim edilməsini məqsədəmüvafiq hesab edir ki, bu da ilk olaraq büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir. Düşünürük ki, belə yanaşma əhalinin böyük təbəqəsi ilə bağlı sosial müdafiə və təminat tədbirlərini həyata keçirən büdcədənkənar fondların vəsaitlərinin nəticəliliyinin ədalətli qiymətləndirilməsinə imkan verməklə, şəffaflığın yüksəldilməsinə də xidmət etmiş olar.

 

2020-ci ildə  Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Fondun) gəlirlərinin 4,8 mlrd. manat nəzərdə tutulmuşdur ki, bu da Fondun tarixində manat ifadəsində ən böyük göstəricidir. Növbəti il üçün proqnozlaşdırılmış vəsait 2019-cu ilin müvafiq göstəricisindən 697,4 mln. manat və ya 16,9% çoxdur.

 

Fondun gəlirilərinin strukturu növbəti ildə əvvəlki illərdə olduğu kimi saxlanılmışdır ən böyük çəki məcburi dövlət sosial sığorta haqlarına aid olacaq. Belə ki, Qanun layihəsinə əsasən 2020-ci ildə Fondun gəlirlərinin 70,3%-nin (3,4 mlrd.manat) sığorta haqlarından daxil olması gözlənilir. Nəzərdə tutulmuş vəsait 2019-cu ilin müvafiq göstəricisindən 22,5% çoxdur. Bir faktı qeyd edim ki,  məcburi dövlət sosial sığorta haqları üzrə cari ilə nisbətən nəzərəçarpacaq artım səviyyəsi Fondun ümumi gəlirlərinin, eləcə də ölkə üzrə orta aylıq əmək haqqının 15,5%-lik proqnozlaşdırılan artım səviyyəsini 7 faiz bəndi üstələyir. Bu isə əhalinin sosial rifahının gücləndirilməsi və qeyd edilən sahədə şəffaflaşdırmanın yüksəldilməsi ilə bağlı cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin uğurudur.

 

Qeyd edilməlidir ki, Fondun MDSSH üzrə gəlirlərində büdcə və qeyri-büdcə sektorlarından daxilolmaların xüsusi çəkisinin cari ildə, müvafiq olaraq, 39,5% və 60,5% olacağı proqnozlaşdırılmışdır. Başqa sözlə, gələn il büdcə sektoru üzrə xüsusi çəki göstəricisinin 41,5%-ədək artması, qeyri-büdcə sektoru üzrə xüsusi çəki göstəricisinin isə 58,5%-ədək azalması nəzərdə tutulmuşdur. Təbii ki, artım əmək haqqlarının artırılması ilə bağlı ölkə rəhbərinin sərəncamları ilə sıx bağlıdır. Düşünürük ki, qeyri-büdcə sektorunun geniləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizədə aparılan islahatlar bu payların nisbətinin də qeyri-büdcə sektorunun xeyrinə dəyişməsinə şərait yaradacaqdır.

 

Qanun layihəsinə əsasən 2020-ci ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1,4 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da Fondun gəlirlərinin 29,6%-i qədər olmaqla 2019-cu ilin müvafiq göstəricisindən 74,2 mln manat və ya 5,5% çoxdur. Hesablama Palatası “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.2.3-cü maddəsinə əsaslanaraq qanunvericilik aktında dövlət büdcəsindən Fonda ayırmaların “dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait” kimi nəzərdə tutulduğunu diqqətə çatdırmaq istəyir. Qanun layihəsində həmin vəsaitin öhdəliklərlə yanaşı Fondun büdcəsinin balanslaşdırılması məqsədilə edildiyi göstərilmişdir. Bu isə Fondun xərclərinin müvafiq büdcələrin öhdəliklərinə uyğun həyata keçirilməsi deyil, Fondun büdcəsinin balanslaşdırılmasına xidmət etməklə onun xərclərinin gəlirlərindən artıq hissəsinin maliyyələşdirilməsi məqsədini ifadə edir.

 

Pensiyaların ödənilməsi xərclərinin müxtəlif səbəblərdən, xüsusilə də sosial sığorta prinsiplərinə əsaslanmayan səbəblərdən artımı pensiya xərcləri üzrə müvafiq büdcələrin öhdəliklərinin düzgün müəyyənləşdirilməməsi və ayrılmış vəsaitlərin real öhdəliklərə uyğun olmaması riskini formalaşdırır.

 

Müvafiq büdcələrin öhdəliklərinin dəqiq müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi, minimum pensiya məbləğindən aşağı pensiyaların dəqiq sayının müəyyənləşdirilməsi və həmin pensiya işləri üzrə artım məbləğlərinin mümkün qədər dəqiq hesablanması ilə müvafiq öhdəliklərin mümkün qədər dəqiq müəyyənləşdirilməsinə, büdcələrin vəsaitlərinin də müvafiq öhdəliklərə uyğun ayrılmasına nail olmaq mümkündür.

 

Qanun layihəsində Fondun aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsaitin növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi göstərilmişdir. Fondun illər üzrə büdcəsinin icrasına dair hesabatların təhlili göstərmişdir ki, hər ilin əvvəlinə qeyd edilən qalıq məbləği faktiki olaraq Fondun gəlirləri qismində nəzərə alınmış və onun xərclərinin ödənilməsinə yönəldilmişdir.

 

Hesablama Palatası əvvəlki illərdə müşahidə edilən dinamika əsasında qalığın yaranmasına şərait yaradan səbəblərin müəyyənləşdirilməsini, eyni zamanda Qanun layihəsində  Fondun aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsaitin Fondun büdcəsinin təsdiq edilməsi ilə bağlı Qanunda göstərilmiş göstəricilərdən çox olmamaq şərti ilə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsinin müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.         

 

Hörmətli millət vəkilləri!

Qanun layihəsində 2020-ci ildə Fondun xərcləri gəlirlərinə bərabər olmaqla 4,8 mlrd. manat nəzərdə tutulmuşdur.  2020-ci ildə Fondun xərclərinin 97,1%-nin əhaliyə ödənişlər üzrə xərclərə, o cümlədən əmək pensiyalarının ödənilməsinə nəzərdə tutulmuşdur. Pensiyaların ödənilməsi ilə bağlı növbəti il üçün nəzərdə tutulmuş məbləğ cari illə müqayisədə təxminən 17% çoxdur.

Pensiyaların ödənilməsi xərclərinin artması həmin xərclərin ÜDM-də xüsusi çəkisində də özünü göstərəcək və bu göstəricinin cari il və gələn ildə də artması tendensiyası davam edəcəkdir. Belə ki, müvafiq göstəricilərə əsasən 2020-ci ildə pensiyaların ödənilməsi xərclərinin ÜDM-ə nisbətinin cari illə müqayisədə 0,6 faiz bəndi artaraq 5,5% olacağı proqnozlaşdırılır. Tərəfimizdən vurğulanmalıdır ki, bu göstərici kifayət qədər müsbət göstəricidir və İnkişaf etməkdə olan ölkələr üzrə orta göstəriciyə uyğundur.

 

Hörmətli millət vəkilləri!

Ümumiyyətlə apardığı nəzarət tədbirlərinə əsaslanaraq Hesablama Palatası sistemi xarakterizə edən göstəricilər üzrə bir sıra təhlillər aparmış və bu barədə rəydə geniş məlumat əks etdirmişdir. Bununla yanaşı bir sıra parametrlərə diqqətinizi yönəltmək istərdim

2020-ci il üzrə “Büdcə zərfi” ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda gələn il minimum və orta aylıq pensiya məbləğlərinin gələn il pensiyaçıların yaşayış minimumunun məbləğini nəzərəçarpacaq dərəcədə üstələyəcəyi proqnozlaşdırılır ki, bu da pensiyaçıların sosial müdafiəsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

65 və daha yuxarı yaşlı əhalinin sayının pensiyaçıların ümumi sayında xüsusi çəkisininartması tendensiyası növbəti ildə də davam edəcək. Belə ki, pensiyaçıların sayının azalması fonunda müvafiq yaş qrupunda əhalinin sayı artım dinamikasına malikdir. Münasiblik əmsalının artımı bir tərəfdən əmək pensiyasını daha yuxarı yaşlı əhalinin alması, digər tərəfdən ÜDM-in formalaşmasında iştirak etməyən pensiyaçıların sayının da artması deməkdir.

Təqdim edilmiş məlumatlara əsasən gələn il əvəzləmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti artma tendensiyası davam edəcəkdir. Əvəzləmə əmsalının böyüməsi vətəndaşların pensiyaya çıxdıqdan sonra itirdikləri əmək haqlarının daha çox hissəsinin kompensasiya olunması anlamına gəlsə də, pensiya xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan və MDSSH qismində əmək haqlarından formalaşan gəlirlərin səviyyəsinin nisbətdə azalması və tədricən həmin xərclərin ödənilməsi üçün kifayət etməməsi təhlükəsini yaradır.

İş yerlərinin sayının artması fonunda əmək pensiyaçılarının sayının azalması son dövrlərdə əmək pensiyaçılarının sayının muzdlu işdə çalışanların sayına nisbətinin də dəyişməsinə səbəb olmuşdur. Belə ki, müvafiq statistik məlumatlara əsasən növbəti ildə 1 nəfər pensiyaçıya orta hesabla 2,5 nəfər düşəcəyi (3218 min nəfər/1297 min nəfər) proqnozlaşdırılmışdır. Bu isə “6 nəfər pensiyaçıya 15 nəfər muzdla çalışan” deməkdir. Müvafiq hesabatlara əsasən ümumi əmək haqqı fondunun məcburi dövlət sosial sığortasına cəlb edilməyən təxmini 11,0%-lik hissəsini də nəzərə aldıqda qeyd edilənlər MDSSH-larının artıqlığını və Fondun büdcəsinin maliyyə dayanıqlılığının möhkəmlənməsini ehtimal etməyə əsas verir.

 

Fondun xərclərinin strukturunu, eyni zamanda aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq Hesablama Palatası sosial sığorta haqları üzrə ödənilən müavinətlərin hər bir növü üzrə qiymətləndirmələr aparmış, bu barədə Rəydə geniş məlumat əks etdirmişdir. Ümumiləşmə apararaq qeyd edim ki, bu müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin məbləğinin demoqrafik göstəricilərin meylindən çox asılı olması həmin vəsaitlərin proqnozlaşdırılması işini də çətinləşdirir. Bununla belə, Hesablama Palatası cari və gözlənilən meylləri nəzərə almaqla Rəydə bəzi müavinətlər üzrə məbləğlərin proqnozlaşdırılması işinə daha əsaslı yanaşmaqla təsiredici faktorların tam nəzərə alınmasını tövsiyə etmişdir.

 

Fondun xərclərində diqqətə çatdırmaq istədiymi son bir məqam da var. Qanun layihəsində, əvvəlki illərdən fərqli olaraq, pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri ayrılıqda deyil, “”DOST” Agentliyinin fəaliyyətinin maliyyələşdirilməsi xərcləri ilə birgə verilmişdir. Qeyd edilməlidir ki, cari il üzrə müvafiq sənəddə həmin xərclər Fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri ilə bir yerdə nəzərə alınmışdır.

Qeyd edilməlidir ki, xərclərin adında “fəaliyyətin müştərək maliyyələşdirilməsi” ifadəsi işlədilmişdir ki, bu da həmin agentliyin maliyyələşdirilməsində Fondun da iştirak edəcəyi anlamına gəlir. Bu isə Fond üçün əlavə vəzifə və məsuliyyət, “DOST” Agentliyi üçün isə Fondun qarşısında hesabatlılıq yaradır. Bu baxımdan Hesablama Palatası “DOST” Agentliyinin saxlanılması xərclərinin Fondun xərclərinə aid edildiyi şəraitdə onun fəaliyyətinin müştərək maliyyələşdirilməsi üçün zəruri olan normativ-metodiki bazanın, metodologiya və prosedurların işlənib hazırlanmasını təklif edir.

 

Hörmətli millət vəkilləri!

Son dövrlərdə cənab Prezidnt tərəfindən xüsusilə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli tədbirlər, bu tədbirlərin Nazirlik tərəfindən uğurlu icrası ilə bağlı atılan addımlar son nəticədə vətəndaşların, xüsusilə sosial cəhətdən həssas təbəqənin rifahının yüksəldilməsinə səbəb olmuşdur. Hesablama Palatası müzakirə etdiyimiz layihədə nəzərdə tutulmuş göstəricilərə əsaslnaraq bu addımların güclənməsinə maliyyə zəminini formalaşdırıldığını vurğulayır və layihənin plenar iclasda müzakirəyə çıxarılmasını öz rəyində tövsiyə etmişdir.

 

   Diqqətinizə görə təşəkkür edirəm!