Hesablama Palatasının əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər
Əlavə olunub: 2019-11-07

Azərbaycan Respublikası Hesablama Palatasının Hüquqi təminat və kadr məsələləri üzrə şöbəsinin müdiri Nəsir Sadıqov, Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin Beynəlxalq  təşkilatlarla əlaqələr və Ali audit qurumları ilə əlaqələr sektorunun müdiri Fərqanə Əliyeva, Hüquqi təminat və kadr məsələləri üzrə şöbəsinin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Nuranə Səfərova, İcmal-analitik şöbənin Analitik hesabatlar və icmallaşdırma sektorunun aparıcı məsləhətçisi Tamerlan Yusif-zadə Ukraynanın Lvov şəhərində “Şərq Tərəfdaşlıq Ölkələrində 2030-cu il Gündəliyinin məqsədlərinin həyata keçirilməsinə nəzarət üçün Ali Audit Qurumlarının potensialının artırılması” üzrə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkil etdiyi “Şərq Tərəfdaşlıq Ölkələrində ali audit qurumlarının fəaliyyətində beynəlxalq standartların tətbiqi üçün hüquqi zəmin” mövzusunda keçirilmiş tədbirdə iştirak etmişdir. Tədbirə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus ali audit və dövlət nəzarəti qurumlarını təmsil edən nümayəndə heyətləri və ekspertlər qatılmışdır.

 

Tədbirdə iştirakçı dövlətlərin AAQ-larının və dövlət maliyyə nəzarəti fuksiyalarını həyata keçirən qurumlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarının təhlili üzrə hazırlanmış hesabatlar təqdim olunmuş və müzakirələr aparılmışdır. Kənar dövlət maliyyə nəzarəti sahəsinin hüquqi baxımdan tənzimlənməsində olan çatışmazlıqlar hər bir iştirakçı ölkə üzrə təhlil edilmiş, həmçinin müvafiq sahənin qanunvericiliyinin beynəlxalq standartların tətbiqinin təmin edilməsi məqsədilə təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilmişdir.     

 

Bundan əlavə, tədbirdə AAQ-ların səmərəli fəaliyyətini təmin edən, o cümlədən bu sahədə beynəlxalq standartların effektiv tətbiqini həyata keçirən ölkələrin təcrübələri müzakirə edilmiş və müvafiq hüquqi aktları təhlil edilmişdir.