Hesablama Palatasının əməkdaşı Çin Xalq Respublikasında ŞƏT-in təşkilatçılığı ilə keçirilən “Yoxsulluğun azaldılmasında AAQ-ların rolu” mövzusu üzrə seminarda iştirak etmişdir
Əlavə olunub: 2019-11-06

Azərbaycan Respublikası Hesablama Palatasının İcmal-analitik şöbəsinin sektor müdiri Sənay Paşayev  28 oktyabr-01 noyabr 2019-cu il tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Yoxsulluğun azaldılmasında Ali Audit Qurumlarının rolu” mövzusu üzrə seminarda iştirak etmişdir. Tədbirə 8 ölkədən 18 iştirakçı qatılmışdır.

 

Tədbir Çin Xalq Respublikasının AAQ-ı olan Çin Milli Audit Ofisində təşkil edilmişdir. Seminarda iştirakçı ölkələrin nümayəndələrinin mövzu üzrə təqdimatları təqdim olunmuş və müzakirələr aparılmışdır. Seminarda əsas diqqət yoxsulluğun azaldılmasında AAQ-ların rolu, o cümlədən bu sahə üzrə AAQ-ların mandatı, AAQ-ların audit fəaliyyətinin yoxsulluğun azaldılmasında, xüsusilə dövlət proqramlarının və layihələrinin effektivliyinin müəyyən olunmasında performans və uyğunluq auditinin əhəmiyyəti və həyata keçirilməsində yaranan əsas çətinliklər, əldə edilmiş audit sübutlarından səmərəli istifadə etməklə yoxsulluğun azaldılmasında AAQ-ların töhfəsinin artırılması kimi istiqamətlərə yönəlmişdir.  

 

Bundan əlavə, seminarda yoxsulluğun müəyyən edilməsində metodoloji fərqliliklər və çətinliklər, yoxsulluğun azaldılmasında ayrı-ayrı ölkələrin əldə etdiyi nailiyyətlər və təcrübələr, həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) uğurla yerinə yetirilməsində AAQ-ların fəaliyyəti üzrə də müzakirələr aparılmışdır