Azərbaycan Respublikası Hesablama Palatası ECOSAI təşkilatının İdarə Heyətinə yenidən üzv seçilmişdir
Əlavə olunub: 2019-10-23

Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti 2019-cu il 21-22 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş ECOSAI təşkilatının 8-ci Assambleyası, İdarə Heyətinin 24-cü və Təlim Komitəsinin 19-cu toplantılarında və “Səmərəli audit və audit nəticələrinin effektivliyi” mövzusunda 8-ci Simpoziumda iştirak etmişdir.

 

ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Baş İdarə Heyətinin toplantısını açaraq  iştirakçıları və qonaqları salamlamış, Ali Audit Qurumlarının həyata keçirdiyi fəaliyyətlərin tarixindən və əhəmiyyətindən bəhs etmişdir. Qəbul edilmiş gündəliyə əsasən Pakistan AAQ-ı tərəfindən ECOSAI-ın Baş Katibinin 3 illlik fəaliyyət hesabatı və  2018-ci il 31 dekabr tarixinə ECOSAI-ın hesabları barədə məlumat təqdim edilmişdir.

 

Daha sonra, ECOSAI-ın Təlim Komitəsinin 19-cu toplantısının iştirakçılarının hesabatı, ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Baş katibliyin məlumatı dinlənilmiş, ECOSAI-ın ASOSAI təşkilatında “Müşahidəçi” qismində təmsil olunması barədə məlumat, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, eləcə də, AAQ-ların ECOSAI-a “Müşahidəçi” üzv qismində qəbul edilməsi məsələləri barədə müzakirələr aparılmış və ECOSAI-ın 2019-2022-ci illər üzrə Təlim Planı qəbul edilmişdir. Yekun olaraq, ECOSAI-ın İdarə Heyəti qeyd edilən hesabatların müzakirəsi və qəbul olunması üçün onların ECOSAI-ın 8-ci Assambleyasına çıxarılmasını qərara almışdır.

 

ECOSAI-ın 8-ci Assambleyası və Simpoziumunda açılış nitqi ilə çıxış edən ECOSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Seyit Ahmet Baş tədbirdə iştirak edən nümayəndə heyətlərini salamlamış və Qətər, Küveyt və Belarus AAQ-larının bu dəfəki tədbirdə müşahidəçi statusunda iştirakını xüsusi vurğulamışdır. Toplantının qəbul edilmiş Gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin maliyyə və fəaliyyət hesabatları dinlənilmişdir. Bundan əlavə, ECOSAI-ın alt-qurumları Təlim və Audit komitələrinin hesabatları təqdim edilərək qəbul edilmişdir. 8-ci Assambleyanın əsas nəticələrindən biri də ECOSAI-ın Nizamnaməsində müşahidəçi statusunda üzvlərin qəbulu ilə bağlı dəyişikliyin edilməsi olmuşdur. Tədbirdə həmçinin, ECOSAI təşkilatının özünün Asiya regionuna aid AAQ-ları birləşdirən ASOSAI-a müşahidəçi statusunda qəbul edilməsi elan edilmişidir.

 

Assambleyada Azərbaycan Respublikası Hesablama Palatası yenidən ECOSAI-ın İdarə Heyətinə üzv seçilmişdir. ECOSAI-ın növbəti Assambleyası isə 3 illik müddətə, 2019-2022-ci illər üzrə bu təşkilatının Prezidentliyi seçilmiş Qazaxıstan AAQ-ının təşkilatçılığı ilə Nur-Sultan şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.

 

Tədbirlər sırasında sonuncu olan Simpoziumda Pakistan, Türkiyə, Belarus, Qazaxstan, Küveyt AAQ-ları ilə yanaşı Atatürk universitetinin və akademik dairələrinin digər təmsilçiləri çıxış etmiş və qarşılıqlı müzakirələr aparmışlar.